Ağırlıqqaldıranlarımız Avropa çempionudur

Ağırlıqqaldıranlarımız Avropa çempionudur


Aprelin 6-da Albaniyanın paytaxtı Tiranada start götürən ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında Avropa çempionatı davam edir. Xəbər verdiyimiz kimi, qitə yarışında Azərbaycan atletlərindən Valentin Xristov, Zülfüqar Süleymanov (hər ikisi 62 kq), Sərdar Həsənov (69 kq), İntiqam Zairov (94 kq) öz qüvvələrini sınayırlar.
Qadınların mübarizəsində Silviya Angelova (48 kq) və Alyona Kiriyenko (69 kq) yığmamızın şərəfini qoruyur.
Yığmamızın üzvləri bu mötəbər çempiontda onlara bəslənilən ümidləri doğruldublar. Azərbaycan təmsilçilərindən ilk olaraq podiuma Silviya Angelova çıxıb. 48 kq çəki dərəcəsində mübarizə aparan atletimiz komandamıza uğur qazandırıb.
Belə ki, 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanan Silviya Angelova bu dəfə bürüncü gümüşə çevirməyə müvəffəq olub. Birdənqaldırma mərəhələsində əvvəlcə o, 75 kq, sonra isə 80 kq ağırlığı ram edib. Üçüncü cəhddə qaldırdığı çəkiyə daha 2 kq əlavə etsə də, xanım atletimiz bu çəkinin öhdəsindən gələ bilməyib. Silviyanı bu hərəkətdə gümüş medaldan cəmi 1, qızıldan 2 kq ayırıb. İdmançımız bu nəticə ilə kiçik bürüncə layiq görülüb. Silviya Angelova təkanla qaldırma hərəkətinə də uğurlu debüt edib. 95 kq çəkiyə boyun əyməyən ağırlıqqaldıranımız bu hərəkətdə, həm də ümumi sıralamada bürünc medalı özü üçün təmin edib. 99 kq-ı da uğurla qaldıran Silviya, təkanla qaldırmada qızıl, toplamda isə minimum gümüş medala yiyələnib. Son cəhddə isə 101 kq-a tab gətirməyən Silviya Avropa çempionu titulunu əldən verib. Beləliklə o, iki hərəkətin cəmində 179 kq (80 kq + 99 kq) nəticə ilə Avropa çempionatını ikinci pillədə başa vurub.
62 kq çəki dərəcəsində isə iki idmançımız - Valentin Xristov və Zülfüqar Süleymanov mübarizə aparıb. Ötən il Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında 56 kq çəki dərəcəsində çempion olan Valentin Xristov bu uğuru təkrarlayıb. London-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Valentin Xristov birdənqaldırmada əvvəlcə 133 kq, daha sonra isə 137 kq sifariş verərək, bu çəkilərin öhdəsindən gəldi. Üçüncü cəhddə Xristov 140 kq-ı qaldıra bilməsə də, bu nəticə idmançımızın qitə çempionluğuna mane olmayıb. İki hərəkətin cəmində Valentin Xristov 312 kq (137 kq + 175 kq) nəticə ilə yığmamzı qızıl medal qazandırıb.
Qeyd edək ki, bolqarıstanlı legionerimiz 62 kq çəki dərəcəsinin təkanla qaldırma hərəkətində yerinə yetirdiyi iki uğurlu yanaşma ilə 8 rekorda imza atıb. Belə ki, ilk yanaşmada 170 kq-ın öhdəsindən gələn Avropanın həm gənclər, həm də yaşı 23-ə qədər olan idmançılar arasında rekordçusu olub. Xatırladaq ki, buna qədər gənclər arasında Avropa rekordu erməni əsilli rus atleti Sergey Petrosyanın adı ilə bağlı idi. Sergey həmin rekordu 2008-ci ilin aprel ayının 15-də İtaliyanın Liqnano şəhərində keçirilən çempionatd əldə etmişdi. Həmin vaxt 302 kq nəticə göstərən Petrosyan eyni zamanda iki hərəkətin cəmində gənclər arasında qitə rekordu vurub.
Yaşı 23-ə qədər olan idmançıların təkanla qaldırma üzrə rekordu digər bir rusiyalı atlet, Pavel Suxanova məxsus olub. 2011-ci ilin O, sentyabr ayının 12-də Rumıniyanın paytaxtı Buxarestdə 163 kq nəticə göstərib. Bu yaş qrupunda iki hərəkətin cəmi üzrə rekord isə türkiyəli Bünyamin Sezərin adı ilə bağlı olub. 2011-ci il aprelin 12-də Rusiyanın Kazan şəhərində keçirilən analoji çempionatda Bünyamin 298 kq nəticə ilə tarixə düşmüşdü. Azərbaycan təmsilçisinin
ilk cəhddə qaldırdığı 170 kq, iki hərəkətin cəmində 307 kq tarixdə yeni bir səhifə açdı. Bir cəhdlə dörd rekordu yeniləyən atletimiz, 175 kq çəkini də rahatlıqla başı üzərinə qaldırdı.
Bu çəki dərəcəsində çıxış edən Zülfüqar Süleymanov
təkanla qaldırma hərəkətində uğurlu çıxışı ilə yadda qaldı. 160 kq çəkini yalnız ikinci yanaşmada ram edə bilən təcrübəli ağırlıqqaldıranımız, bunun hesabına bu hərəkətdə bürünc medala sahib çıxdı. Medalı təmin edən atlet 3-cü yanaşmadan imtina edib.
Ancaq o, buna qədər qızıl medala sahib çıxmışdı. Əvvəlcə 170 kq, sonra isə 175 kq-ı ram edən gənc atlet hamıdan güclü olduğunu sübut etdi. Bu nəticədən sonra aktivində 1 qızıl (Valentin Xristov, 62 kq), 1 gümüş (Silviya Angelova, 48 kq) və 1 bürünc (Zülfüqar Süleymanov, 62 kq) medal olan yığmamız ümumi nəticələrə görə liderliyi ələ almışdı. Yığmamızın digər bir üzvü Sərdar Həsənov 69 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Birdənqaldırma hərəkətində Sərdar üçün uğursuz başlayıb. İdmançımız birinci sifariş verdiyi çəkini - 145 kq-ı yalnız ikinci cəhddə qaldırıb. Üçüncü yanaşmada 150 kq-ı sərbəst ram edən ağırlıqqaldıranımız bu hərəkətdə "kiçik” gümüş medalı təmin edib. O, ən yaxın izləyicisi albaniyalı Daniel Qodellini 5 kq qabaqlayıb. Təkanla qaldırma hərəkətində 173 kq-ı yalnız ikinci cəhddən qaldıran atletimiz, sonuncu yanaşmasında 176 kq-ın öhdəsindən gəlib. Bu çəki ona bu hərəkətdə 3-cü yeri, həm də tutaraq bu dəfə "kiçik” bürünc medal qazanmaq imkanı verdi.
İki hərəkətin cəmində 326 kq (150 kq + 176 kq) nəticə göstərən atletimiz Avropa çempionatında çıxışın gümüş medalla başa vurub.
Qeyd edək ki, Avropa çempionatı aprelin 15-də başa çatacaq. Buna qədər yarışda digər idmançılarımız da medal uğrunda mübarizə aparacaqlar.
Anar Əhmədov