“Qadın idmanı və qadın idman jurnalistikası” mövzusunda seminar keçirildi

“Qadın idmanı və qadın idman jurnalistikası” mövzusunda seminar keçirildi


Aprelin 12-dən 15-dək ABŞ-ın tanınmış idman jurnalisti xanım Ceyn MakManus ölkəmizə səfər edib. ABŞ-ın ölkəmizdəki səfirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Birləşmiş Ştatların ESPN Televiziya Xəbərləri şəbəkəsinin aparıcı idman jurnalisti, Kolumbiya Universitetinin jurnalistika üzrə professoru xanım Ceyn MakManusun ölkəmizə səfərində məqsəd "Qadın idmanı və qadın idman jurnalistikası” mövzüsünda seminarlar keçirmək idi. Aprelin 12-də Gəncə şəhərində olan amerikalı qonaq orada müxtəlif məktəblərdə seminar keçib. Tanınmış jurnalist aprelin 14-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Qadın idmanı və qadın idman jurnalistikası” mövzusunda seminar keçirdi.
Seminarda ADBTİA-nın rektoru Ağacan Abiyev, ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndəsi, akademiyanın professor-müəllim heyəti və jurnalistlər iştirak etdilər.
C.MakManus ABŞ-da qadın idmanının inkişaf tarixindən, hazırda bu ölkədə qadınların idmana cəlb olunması istiqamətində görülən işlər barədə məlumat verdi. Amerikalı qonaq qadınlar arasında idmanın kütləviliyinin təmin olunması istiqamətində ABŞ-da bir neçə qanunun qəbul edildiyini dedi. O, ABŞ-da ilk dəfə qadınların tennis üzrə yarışda iştirak etdiyini xatırlatdı. MakManus qeyd etdi ki, həmin tennis yarışı kişi və qadın idmançılar arasında keçirilib. Bu simvolik oyunda xanım Billi Jean King rəqibi Bobbi Riggsə qalib gəlib.
C.MakManus ABŞ-ın tanınmış qadın idmançılarından olan sürətli maşın sürücüsü Danila Patrik, basketbolçu Britni Qriner və qarışıq döyüş növləri üzrə yarışlarda mübarizə aparan Ronde Rouser barədə danışdı. O, ABŞ-ın tanınmış tennisçisi Serena Uilyamsın bu gün möhtəşəm uğurlar qazanmış qadın idmançı kimi gənclərə nümunə olduğunu vurğuladı. Tanınmış jurnalist bildirdi ki, hazırda dünyada qadınlar məşğul olduqları idman sahələrində böyük gəlir əldə edirlər. Dünyaca məşhur olan qadın idmançılar bir çox şirkətlərin, ticarət nişanlarının və məhsulların siması seçilir və bundan böyük mənfəət qazanırlar.
Ölkəmizdə qadın idmanının inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirən C.MakManus ötən il Azərbaycanda təşkil olunmuş futbol üzrə FİFA U-17 qadınlararası dünya çempionatının möhtəşəm təşkil olunduğunu diqqətə çatdırdı. O, Azərbaycanda idman sahəsində qazanılan uğurları sevindirici hal kimi qiymətləndirdi və Bakıdan əvvəl Gəncədə olduğunu, orada idman, bədən tərbiyəsi ilə məşğul olan qadın mütəxəssislərlə görüşdüyünü xatırlatdı.

Daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev nailiyyətlər qazanmış qadın idmançıları qonağa təqdim etdi. Seminarın sonunda C.MakManus seminar iştirakçılarının suallarını cavablandırdı. Məlumat üçün bildirək ki, amerikalı qonaq aprelin 14-də "Caspian Biznes” Mərkəzində, dünən isə Milli Olimpiya Komitəsində analoji seminar keçirib.
Qeyd edək ki, xanım Ceyn MakManus 1998-ci ildən bəri idman mətbuatında çalışır, onun yazıları "Newsday”, "USA Today”, "The Journal News”, "The New York Times” qəzetlərində nəşr olunub. Hazırda xanım MakManus ESPN.com-un Nyu-York bürosunun MFL-in Nyu-York Jets komandası üçün yazılar yazır. O, milli xəbərləri yaymaqla bərabər, ESPN və bir sıra radioların idman verilişlərində çıxış edir. Xanım MakManus Kolumbiya Jurnalistika Universitetini magistr dərəcəsi üzrə bitirib və hazırda həmin universitetdə professor kimi çalışır. Peşəkar idman jurnalisti olan MakManus peşəkar roller-derby imançısıdır və New Jersey "Suburban Brawn” roller derby komandasının üzvüdür.