Güləş yığmalarımız təlim-məşq toplanışlarını davam etdirirlər

Güləş yığmalarımız təlim-məşq toplanışlarını davam etdirirlər




Güləş üzrə yığma komandalarımız təqvim üzrə qarşıdan gələn yarışlara hazırlıqlarını davam etdirirlər.
Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamız Avropa Oyunlarından sonra təlim-məşq toplanışını Olimpiya Güləş Mərkəzində davam etdirir. İyunun 29-dan başlayan hazırlıq iyulun 7-də başa çatıb. Komanda iyulun 11-dən yenidən hazırlıqları davam etdirəcək.
Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda isə iyulun 7-dən etibarən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. İyulun 25-dək davam edəcək təlimlərdə yığma komandanın 20 üzvü iştirak edir.
Qadın güləşi üzrə böyüklərdən ibarət yığmanın üzvləri isə iyulun 9-dan Bolqarıstanın Belmeken təlim-məşq bazasında toplanışda olacaq. On üç güləşçinin qatıldığı təlim-məşq toplanışı iyulun 23-dək davam edəcək.
Gənclərdən ibarət sərbəst güləş yığmasının üzvləri iyulun 20-dək Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olacaqlar. Heyətdə 18 güləşçi yer alıb. Yunan-Roma və qadın güləşi yığması isə təlim-məşq toplanışlarını Bakıda, Olimpiya Güləş Mərkəzində davam etdirir.
Qeyd edək ki, yeniyetmə güləşçilər avqustun 4-9-da Serbiyada keçirilən Avropa çempionatında, avqustun 25-30-da Bosniya və Herseqovinada təşkil edilən dünya çempionatında qüvvələrini sınayacaqlar. Gənc güləşçilər isə avqustun 11-16-da Braziliyada dünya çempionatında yarışacaqlar. Rio-2016 Olimpiadasına ilk lisenziya verən böyüklər arasında dünya çempionatı isə sentyabrın 7-12-də ABŞ-ın Las Veqas şəhərində keçiriləcək.