İdmançılarımız universiadanı 3 medalla başa vurublar

İdmançılarımız universiadanı 3 medalla başa vurublar



Azərbaycan atleti Hayle İbrahimov Koreya Respublikasının Kvancu şəhərində keçirilən tələbələrin 28-ci Yay Universiadasında qızıl medal qazanıb. Baş məşqçi Elvin Əliyevin rəhbərliyi ilə H.İbrahimov kişilərin 5000 metr məsafəyə qaçış yarışında 13:44.28 dəqiqə göstərici ilə birinci olub.
Kvancu şəhər stadionunda idmançılar yağışlı hava şəraitində mübarizə aparmalı olublar. Bu da onların potensialını tam nümayiş etdirməyə imkan verməyib. Atletimiz Hayle İbrahimov iyulun 10-da yarışın kvalifikasiya mərhələsində də 13:51.40 dəqiqə göstərici ilə birinci olub. Qeyd edək ki, bu, idmançımızın universiadalarda qazandığı ikinci qızıl medaldır. Hayle İbrahimov 2013-cü il Kazan universiadasında məhz iyulun 12-də 13:35.89 dəqiqə göstərici ilə qalib olmuşdu. Bu, həm də universiada rekordudur.
Beləliklə, Azərbaycan komandası tələbələrin 28-ci Yay Universiadasını 2 qızıl və 1 bürünc medalla bitirib. Xatırladaq ki, digər atletimiz Hanna Skidan qadınlar arasında çəkicatma yarışlarının qalibi olub. Cüdoçümüz Hüseyn Rəhimli (73 kq) isə bürünc medal qazanıb.