Naxçıvan Olimpiya İdman Kompleksində ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında "Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçirilir.
Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi ziyarət edildikdən sonra turnirin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini cənab İsmayıl İsmayılov dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısının ölkəmizdə idmanın sürətlə inkişafına rəvac verdiyini bildirib. O deyib ki, ölkəmizdə idmanın maddi-texniki bazası günü-gündən möhkəmlənir. Azərbaycanın bütün şəhər və rayonlarında müasir standartlara cavab verən, ən qabaqcıl texnologiya və avadanlıqlarla təchiz olunmuş Olimpiya İdman Kompleksləri tikilib istifadəyə verilir.
Bakıda keçirilən I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin sülh və dostluq prinsipləri fonunda idmanın dünyada sülhün elçisi olduğunu ən uca zirvədən bütün bəşəriyyətə bir daha nümayiş etdirdiyini bildirən natiq idmançılarımızın bu möhtəşəm turnirdə yeni bir tarix yazdıqlarını bildirib. İsmayıl İsmayılov qarşıdakı illərdə ölkəmizdə şahmat üzrə dünya kuboku, Beynəlxalq Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini və idmançılarımızın bu yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini bildirib.
Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi cənab Əjdər Cəfərov vətənimizin dilbər guşəsi olan qədim Naxçıvan torpağında yarış iştirakçılarını salamlayaraq ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətindən danışıb. Güləşçilərimizin Avropa Oyunlarında qazandıqları nəticələri xatırladan AGF-nin baş katibi "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirdə güləşçilərimizə uğurlar arzulayıb.
Naxçıvan Güləş Federasiyasının prezidenti Azər Zeynalov ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də güclü infrastruktur layihələrinin icra edildiyini qeyd edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün uğurla davam etdirildiyini diqqətə çatdırıb. İdmançılara ədalətli mübarizə arzulayan cənab Azər Zeynalov yarışı açıq elan edib.
Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxstan və İran komandaları iştirak edir. Komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparırlar. A yarımqrupunda Azərbaycan, Gürcüstan, Özbəkistan və İran, B yarımqrupunda isə, Naxçıvan, Türkiyə, Rusiya və Qazaxstan komandaları ilə qüvvəsini sınayır. A yarımqruplarında Gürcüstan, özbəkistan və İran komandalarını mübarizədən kənarlaşdıran Azərbaycan finalda digər B yarımqrupunun lideri Rusiya ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.