Bakıda atçılığın polo növü üzrə beynəlxalq yarış olacaq

Bakıda atçılığın polo növü üzrə beynəlxalq yarış olacaq


Sentyabrın 4-dən 12-dək Bakıda ilk dəfə Beynəlxalq Polo Federasiyasının birinci Avropa çempionatı keçiriləcək. Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF), "Elite Horse and Polo Club” və "World Polo”nun birgə təşkilatçılığı ilə təşkil olunacaq yarışlarda Almaniya, İrlandiya, İsveçrə, İtaliya, İspaniya və Azərbaycandan ümumilikdə altı komanda birinci FİP (Beynəlxalq Polo Federasiyası) Arena Polo Avropa çempionatının baş mükafatı uğrunda yarışacaqlar. Belə ki, yarışlarda komandalar qum örtüyü olan qapalı, sentyabrın 10-12-də isə ot örtüyü olan açıq manejdə çıxış edəcəklər. Ümumilikdə turnirdə 18 qarşılaşma keçiriləcək. Hər komanda üç əsas və iki ehtiyat oyunçudan ibarət olacaq.
Tədbir üçün təşkilatçılar "Alegria Polo Farm” və "Garros Polo Farm”dan gətirilən 72 Argentina polo atını təqdim edəcəklər.
Bu beynəlxalq turnirin Azərbaycanda keçirilməsi barədə qərar 2014-cü ilin dekabrında Beynəlxalq Polo Federasiyasının Baş Assambleyasında qəbul edilib
Xatırladaq ki, ötən iki il ərzində Azərbaycanda atçılığın polo növü üzrə iki dəfə dünya kuboku yarışları təşkil olunub. Bu müddətdə qazanılan nailiyyətlərin nəticəsi olaraq cari ildə ölkəmiz daha bir böyük yarışa ev sahibliyi edəcək.