Azərbaycan səni gözləyir, Olimpiya Oyunları!

Azərbaycan səni gözləyir, Olimpiya Oyunları!




Sərbəst

Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etməklə tarix yazdı. Ölkəmiz həm də Olimpiya Oyunları kimi mötəbər idman tədbirini təşkil etməyə qadir olduğunu nümayiş etdirdi. Bu il iyunun 12-28-də Azərbaycanda keçirilən ilk Avropa Oyunları uğurla başa çatdı. Ölkəmiz bu möhtəşəm idman tədbirinə layiqli ev sahibliyi etməklə böyük imkanlara malik olduğunu bir daha bütün dünyaya sübut etdi. Bəs görəsən vətənimiz planetin ən ali idman yarışı olan Olimpiya Oyunlarını da nə vaxtsa bu cür yüksək səviyyədə keçirə bilərmi və idmançılarımız bu mötəbər idman yarışında da bizi sevindirə biləcəklərmi? Azərbaycan Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədləyini təqdim etsə, Beynəlxalq Olimpiya Komitəsinin üzvləri bizi dəstəkləyəcəkmi? Bax, bizi narahat edən bu suallarla bağlı paytaxt sakinlərindən bir neçəsinin fikirlərini öyrəndik.



İttifaq Mirzəbəyli,
’’Xalq qəzeti”nin əməkdaşı, əməkdar jurnalist:

” Bakı-2015 ilk Avropa Oyunları başa çatsa da, bizi qarşıda Bakı-2016, Bakı-2017, Bakı-2020 və digər möhtəşəm idman tədbirləri gözləyir. Azərbaycan 2016-cı ildə "Formula-1” və Beynəlxalq Şahmat Olimpiadasına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, 2020-ci ildə isə futbol üzrə Avropa Çempionatının qrup oyunları kimi beynəlxalq idman yarışlarına ev sahibliyi edəcək. Düşünürəm ki, I Avropa Oyunlarına uğurla ev sahibliyi edən Azərbaycan gələcəkdə dünyanın möhtəşəm Olimpiya Oyunlarına da ev sahibliyi edə bilər. Bunu təkcə mən demirəm. Beynəlxalq idman federasiyaların, bir çox rəsmi qurumların nümayəndələri də bu fikirdədirlər. Yaxşı yadımdadır, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə Avropa Olimpiya Komitəsinin qərarı eşidəndə çox sevindik. Redaksiyada həmkarlarıma dedim ki, gün o gün olsun ki, yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi xəbərini eşidək. Uşaqlar da qayıtdılar ki, niyə də olmasın? Avropa Oyunlarının yüksək səviyyədə təşkilindən sonra indi hamımız tam əminliklə deyə bilərik ki, bu mümkündür. Çünki bütün idman qurumları və rəsmiləri Azərbaycana inanır və etibar edirlər. Biz bu inamı qazanmışıq. Azərbaycan Prezidentinin bu istiqamətdə işgüzarlığı və uzaqgörənliyi təqdirəlayiqdir. Ölkəmizin Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün güclü maddi-texniki bazası və kompleks yarışlara ev sahibliyi etmək üçün təcrübəsi vardır”.



Telman Əhmədli,
"Ruslan” idman klubunun cüdo bölməsinin məşqçisi:

"İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi mənim üçün çox sevindirici haldır. Avropa Oyunları təşkilçılıq səviyyəsinə Olimpiya Oyunlarından geri qalmır. Bu da Azərbaycanın Olimpiya Oyunlarını keçirməyə qadir bir idman ölkəsi olduğunu deməyə haqq verir. Bir neçə həftə əvvəl Azərbaycana təşrif buyurmuş turistlər ölkəmizdən, insanlardan çox razı qalıblar. Bu yarışlardan sonra Bakı, Azərbaycan haqqında çox müsbət fikirlər formalaşıb. Düşünürəm ki, Azərbaycan Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi təqdirdə idmançılarımız yüksək nəticələr üçün daha məsuliyyətlə çalışmalıdırlar. Çünki Olimpiya Oyunları daha çətin, daha məsuliyyətli bir idman bayramıdır. İnanırıq ki, ölkə başçısının idmana və Olimpiya hərəkaına göstərdiyi qayğı və diqqət nəticəsində Azərbaycan gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyi edəcək".



Afət Rüstəmova,
paytaxt sakini:

”Bakının ilk Avropa Oyunlarına ev sahibliyi ölkəmiz üçün böyük təcrübədir. Bu yarışlar həm də Azərbaycanın Olimpiya Oyunlarını da keçirməyə qadir olduğunu göstərdi. Doğrudur Olimpiya Oyunları daha çətin, daha məsuliyyətli bir tədbirdir. Amma unutmamalıyıq ki, Azərbaycan idman ölkəsidir. Avropa Oyunlarında paytaxt qonaqlarını valeh edən təkcə idmançılarımızın çıxışları deyil, həm də Bakının füsünkar gözəlliyi idi. Əminliklə deyə bilərik ki, ölkəmiz qarşıda bizi gözləyən digər mötəbər yarışlara da uğurla ev sahibliyi edəcək. Düşünürəm ki, gələcəkdə Olimpiya Oyunları Azərbaycanda keçirilərsə, onda Bakıda yaşanacaq abu-havanı təsəvvür etməyə dəyər. İnanıram ki, Bakı tarixdə həm də Olimpiya Oyunlarının vətənikimi qalacaq”.




Ramal Aslanov,
Idmançı, "Dinamo” İC-nin təmsilçisi:

-Azərbaycanda idman və Olimpiya hərəkatına dövlət səviyyəsində göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir. BOK və AOK rəsmiləri tərəfindən ilk Avropa Oyunlarının məhz Bakıya həvalə edilməsi də təsadüfi deyildi. İdmançılarımızın qazandığı uğurlar bizimlə bərabər dost ölkələri də sevindirdi. Azərbaycan xalqı inanır ki, ölkəmiz 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarında əldə olunan uğurları bir də təkrarlayacaq. Bir idmançı kimi ən böyük arzum Olimpiya çempionu olmaqdır. Amma məhz vətənimizdə keçiriləcək Olimpiya Oyunlarında çempion olmağı çox istəyirəm. Arzu edirəm ki, bu mənə qismət olmasa da, digər idmançılarımıza nəsib olsun. Olimpiya Oyunları mötəbər idman yarışıdır. Əgər Azərbaycan nə vaxtsa Olimpiya Oyunlarına ev sahibliyi edərsə, inanıram ki, möhtəşəm təşkilatçılığı ilə tarixdə əbədi yaşayacaq. Çünki "Odlar yurdu”nda idman günü-gündən inkişaf edir.



Kənan Novruzov