“Neftçi” İSM-in idman xronikası

“Neftçi” İSM-in idman xronikası

Yunanıstanın Saloniki şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. 20 ölkənin qatıldığı yarışda yığma komandamız 7 medal (1 qızıl, 1 gümüş və 5 bürünc) qazanıb. Bu medallardan üçünü millimizin aktivinə "Neftçi” İdman-Sağlamlıq Mərkəzinin cüdoçuları yazdırıblar. Belə ki, mərkəzin yetirmələri Telman Vəliyev (60 kq), Məmmədəli Mehdiyev (81 kq) və Firudin Dadaşov (90 kq) kubok yarışının bürünc medalına yiyələniblər.
Qeyd edək ki, milli komandamız oğlanların komanda hesabında Gürcüstan yığmasından sonra 2-ci yeri tutub.




*   *   *

Heydər Əliyev adına İdman-Konsert Kompleksində qadınlardan ibarət komandalar arasında basketbol üzrə Azərbaycan çempionatı (3x3) keçirilib. 16 komandanın üç yaş qrupunda mübarizə apardığı çempionatda "Neftçi” İSM, Nərimanov UGİM (U-16) və Sumqayıt UGİM (U-14) komandaları qalib gəliblər.

*   *    *

1996-1997 və 1998-1999-cu illər təvəllüdlü basketbolçular arasında Bakı birinciliyi keçirilib. Bu turnirdə "Neftçi” İSM-in idmançıları da bacarıqlarını nümayiş etdiriblər. Yekun nəticələrə əsasən, mərkəzin 1998-1999-cu il təvəllüdlülərdən ibarət komandası paytaxt yarışının qalibi adını qazanıb. 1996-1997-ci illər təvəllüdlü idmançılardan təşkil olunmuş "Neftçi” İSM komandası isə 2-ci yerə çıxıb.
 
*    *    *
Hövsan Olimpiya Kompleksində boks üzrə 1996-97-ci illər təvəllüdlü gənclər arasında respublika birinciliyi keçirilib.
ölkə birinciliyində "Neftçi” İdman-Sağlamlıq Mərkəzinin dəri əlcək ustaları da qüvvələrini sınayıblar.
Mərkəzin boksçuları 3-ü qızıl, 4-ü gümüş və 2-si bürünc olmaqla 9 medala sahib çıxıblar. Onlardan Nəsrəddin Məmmədov (56 kq), Cavid Quliyev (64 kq) və Sadıq Səmədov (91 kq) bütün döyüşlərdən qalib ayrılaraq Azərbaycan çempionu tituluna yiyələniblər. Cavid Dadaşov (49 kq), Xəyyam Məmmədov (56 kq), Orxan Mayıllı (75 kq), Teymur Vəliyev (91 kq) gümüş, İbrahim Məlikov (56 kq) və Elsevər Əzizov (69 kq) isə bürünc medala layiq görülüblər.




*    *    *
Heydər Əliyev adına İdman-Konsert Kompleksində stritbolçular arasında yarış keçirilib. Qadınlardan ibarət komandalar arasında üç yaş qrupu üzrə təşkil olunan Azərbaycan kubokunda "Neftçi” İSM-in komandaları da mübarizə aparıblar. 16 komandanın iştirak etdiyi yarışda "Neftçi İSM-1” komandası U-18-lər arasında 3-cü yeri tutub. U-15 komandalarının ölkə kubokunda da "Neftçi İSM-1” komandası yarışı 3-cü yerdə bitirib.

Tofiq Ataxanoğlu,
"Neftçi” İSM-in mətbuat
xidmətinin rəhbəri, əməkdar jurnalist