Bakı 2016-cı ildə gimnastika üzrə 3 Dünya kuboku yarışına ev sahibliyi edəcək

Bakı 2016-cı ildə gimnastika üzrə 3 Dünya kuboku yarışına ev sahibliyi edəcək



Helsinkidə Beynəlxalq Gimnastika Federasiyasının (BGF) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Görüş çərçivəsində gimnastika idmanı sahəsində vacib məsələrə toxunulub və eləcə də 2016-cı ildə Dünya kuboku mərhələsi yarışlarının keçiriləcəyi məkanlar da təsdiqlənib.
Azərbaycan Gimnastika Federasiyasının 3 Dünya Kuboku yarışının Bakıda keçirilməsi ilə bağlı namizədliyi BGF tərəfindən qəbul edilib və komissiya üzvləri bu yarışların təşkilini ölkəmizə həvalə edib. Beləliklə, Bakı 2016-cı ilin 19-21 fevralında idman gimnastikası üzrə "Challenge Cup” seriyasından olan Dünya kubokuna ev sahibliyi edəcək. Bunun ardınca, 5-6 mart tarixlərində dünyanın tanınmış batutçuları Bakıda bir araya gələcəklər. Qeyd edək ki, Bakı həm də 2016-cı ildə sözügedən bu iki gimnastika növü üzrə Dünya Kuboku yarışlarını qəbul edəcək ilk şəhər olacaq. Bədii gimnastika üzrə Dünya kuboku mərhələsi isə Rio- 2016 Olimpiya Oyunları ərəfəsində - iyulun 22-24-də baş tutacaq. Maraqlıdır ki, 2003-2005-ci illərdə ölkəmizdə təşkil olunan bədii gimnastika üzrə Dünya kuboku mərhələlərindən fərqli olaraq, idman və batut gimnastikası üzrə bu növ yarışlar ölkəmizdə ilk dəfə keçiriləcək.