Bu il sentyabrın 7-12-də ABŞ-ın Las-Veqas şəhərində güləş üzrə Dünya çempionatına hazırlaşan qadın güləşçilərimiz bu dəfə Polşada qüvvələrini sınayıblar. İyulun 24-26-da Varşava şəhərində təşkil edilən "Poland Open” 19-cu beynəlxalq turnirdə iştirak edən qadın güləşçilərimiz vətənə 4 medalla qayıdıblar.
Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında yığma heyətində yer alan 6 güləşçidən Mariya Stadnik (48 kq) qızıl, Nadya Muşka (69 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) və İrina Netreba (60 kq) isə bürünc medal qazanıblar.
Yığma komandamızın kapitanı Avropa Oyunlarının çempionu Mariya Stadnik "Poland Open” turnirində bütün rəqiblərinə təmiz qələbə ilə qalib gələrək qızıl medala sahib olub. Yuliya Ratkeviç ardıcıl olaraq İsveç və Türkiyəli rəqibini tam üstünlüklə qalib gəlsə də, Macar rəqibinə məğlub olub. Rəqibin finala çıxması ilə təsəlliverici görüşlərdə iştirak edən güləşçimiz Bolqarıstan və Macarıstan rəqiblərinə qalib gələrək bürünc medal qazanıb. İrina Netreba isə ilk görüşdə məğlub olsa da, rəqibin finala çıxması ilə təsəlliverici görüşlərdə iştirak edib. Bu şansdan səmərəli istifadə edən güləşçimiz bütün görüşləri qalib başa vuraraq bürünc medal qazanıb. Nadya Muşka da finala qədər inamla irəliləyib. Ancaq finalda rəqibinə məğlub olan idmançımız yarışı gümüş medalla tamamlayıb.
İdmançılarımız Anjela Doroqan (53 kq) və bürünc mükafatçı Nataliya Sinişin (55 kq) isə yarışı medalsız başa vurublar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.