Yeniyetmə idmançılarımız Tbilisidə qüvvələrini sınayırlar

Yeniyetmə idmançılarımız Tbilisidə qüvvələrini sınayırlar



Azərbaycanlı yeniyetmələr iyulun 27-də Tbilisi-2015 13-cü Avropa Gənclər Olimpiya Festivalının ilk günündə mübarizəyə qoşulublar.
İlk dəfə belə mötəbər beynəlxalq yarışda mübarizə aparan atletlərimiz yüksək nəticələr qazanmasalar da yaxşı təcrübə qazanıblar.
Diskatma yarışlarında idmançımız Nurəddin Babayev metal kütləni 31,08 metr uzağa tullamaqla yaxşı göstəriciyə nail olub. Məşqçilər onun nəticəsini dəyərləndiriblər. Yeniyetmə idmançımız Rüstəm Şükürov isə uzunluğa tullanmada 6,19 metr göstəriciyə nail olub. Digər atletimiz Heybət Salayev isə hündürlüyə tullanmada 1,74 metr nəticə göstərib.
Yüz metr məsafəyə qaçmaqda bacarığını nümayiş etdirən yeniyetmə idmançımız Vaqif Bağırov isə 11,34 saniyə ilə mübarizəni 6-cı pillədə başa vurub.
Qeyd edək ki, həmin gün idmançılarımızı yarışların keçirildiyi idman arenasına aparan avtobusların tıxacda qalması səbəbindən yeniyetmələrimiz mübarizəyə son təlim məşqləri keçmədən qoşulublar.
Növbəti dəfə isə Azərbaycan yeniyetmələri idmanın üzgüçülük və cüdo növləri üzrə yarışlarında güclərini sınayacaqlar.