Kişi və qadın hokkeyçilərimiz Praqadan mükafatsız qayıtdılar

Kişi və qadın hokkeyçilərimiz Praqadan mükafatsız qayıtdılar

İyulun 18-dən Çexiya Respublikasının paytaxtı Praqa şəhərində qadın və kişi otüstü hokkeyçilərdən ibarət milli komandaların iştirakı ilə start götürən Avropa çempionatının "Trofi” yarışları başa çatıb. Təəssüf ki, Avropa çempionatı millilərimiz üçün o qədər də uğurlu alınmayıb. Qarşıya finala çıxaraq yüksək dəstəyə vəsiqə qazanmaq vəzifəsi qoyulsa da, komandalarımız bu şərəfli işin öhdəsindən gələ bilməyiblər. Ancaq ədalət naminə qeyd etməliyik ki, hokkeyçilərimiz bu istəyə çox yaxın olublar. Kişilərdən fərqli olaraq, qadın hokkeyçilərimiz finala çıxa bilərdilər. "B” qrupunun qalibi olan (Avstriya və Uels yığmaları üzərində qələbə və belaruslarla heç-heçə) Azərbaycan millisi yarımfinal görüşündə digər qrupda 2-ci yeri tutan Çexiya komandası ilə qarşılaşıb. Hakimlərin "ədaləti”sayəsində oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bu qələbədən sonra finala çıxan çexlər həm də növbəti mövsümdə Avropa çempionatının 8 ən güclü komandası ilə birgə yarışmaq hüququ qazanıblar. Digər finalçı "A”qrupunun qalibi İrlandiya və "B” qrupunda 2-ci yeri tutan Belarus yığmaları arasında keçirilən yarımfinal oyununda aşkar olunub. İrlandiya təmsilçiləri 4:0 hesabı ilə qalib gələrək yenidən qitənin ən güclüləri sırasına qayıdıblar.

Həmyerlilərimiz isə qitə çempionatının III yeri uğrunda Belarus komandası ilə görüşərək 2:4 hesabı ilə uduzublar. (Bu komandalar qrup mərhələsində də qarşılaşmışdılar və oyun 4:4 hesabı ilə nəticələnmişdi). Həmin matçdan sonra elə bir prinsipial xarakter daşımayan finalda İrlandiya və Çex Respublikasının hokkeyçiləri görüşüb. İrlandiya təmsilçiləri həlledici oyunda da 5:0 hesabı ilə qələbə qazanıblar. V-VIII yerlər uğrunda mübarizə aparan komandalar da son pley-off oyunlarını keçiriblər. Nəticələr belədir: 3A Fransa -Avstriya 4B - 0:3, Uels 3B - 4A Ukrayna 2:0.
Beləliklə, qadınların yarışında bütün görüşlərini qələbə ilə başa vuran İrlandiya və finalda rəqibinə böyük hesabla məğlub olaraq II yeri tutan Çexiya milli komandaları 2 ildən bir keçirilən Avropa çempionatının yüksək divizyonuna vəsiqə qazanıblar. Belarus hokkeyçiləri III, Azərbaycan yığması IV, Uels təmsilçiləri V, Fransa komandası VI, avstriyalılar isə VII yeri tutmaqla "Trofi” divizyonunda yerlərini mühafizə ediblər. Ukraynanın qadın hokkeyçiləri isə səkkizinci nəticə göstərərək növbəti mövsümdən "Çelenc” divizyonunda oynamaq məcburiyyətində qalıblar.
Qadın otüstü hokkeyçilərimizdən fərqli olaraq, kişilərin yarışında Azərbaycanın milli komandası yarımfinala yüksələ bilməyib və yekunda V-VIII yerlər uğrunda mübarizə aparıb.

İlkin mərhələdə "B” qrupuna daxil olan hokkeyçilərimiz startda Çexiya millisinə 0:2 hesabı ilə uduzub, növbəti oyunda həmin hesabla İsveçrə yığmasını məğlub ediblər. Qrupdakı son oyununda Avstriya təmsilçiləri ilə heç-heçə (1:1) oynayan komandamız Avstriya və Çexiya komandalarından sonra III yeri tutub. Pley-offda digər qrupun üçüncüsü olan Ukrayna millisinə 5:2 hesabı ilə qalib gələn həmyerlilərimiz, demək olar ki, 5-ci yeri özlərinə təmin ediblər. Lakin digər qrupda IV nəticə göstərən xorvatlarla bazar günü keçirilən görüşdə komandamız ilk yarıda 2:1 hesabı ilə irəlidə olsa da, Xorvatiya yığmasına 3:4 hesabı ilə uduzub. Gələn mövsümdən qitənin 8 ən güclüsü sırasında yarışmaq hüququ qazanan Polşa və Avstriya hokkeyçiləri finalda görüşüb və polşalılar 3:1 hesabı ilə qalib gəliblər. III yer uğrunda qarşılaşan Şotlandiya və Çexiya Respublikası komandalarının görüşündə meydan sahibləri 1:5 hesabı ilə uduzublar. Azərbaycan təmsilçiləri 5-ci, ukraynalılar isə 6-cı yerləri tutmaqla "Trofi” divzyonundakı yerlərini qoruya biliblər. Bu yarışda uğursuz çıxış edən İsveçrə və Xorvatiya komandaları VII-VIII yerləri bölüşüblər. Hər iki komanda 2017-ci ildə qitə çempionatının "Çelenc” yarışlarında iştirak edəcək.