Bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvləri sentyabrın 7-13-də Almaniyanın Ştutqart şəhərində keçiriləcək və Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq dünya çempionatına hazırlığı davam etdirirlər.
İyulun 30-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yığma komandanın açıq təlim-məşqi keçirilib. Qarşıdan gələn dünya çempionatında iştirakı planlaşdırılan komandanın lideri Marina Durunda, gimnastlar Ayşən Bayramova, Gülsüm Şəfizadə, Zeynep Celep fərdi proqramda, Siyana Vasileva, Səbinə Abbasova, Aleksandra Platonova, Aynur Mustafayeva, Diana Doman, Nigar Abdusalimovadan ibarət komanda isə qrup hərəkətlərində çıxış ediblər.
Azərbaycan gimnastlarının gündəlik məşqlərinə Kanada, Yeni Zelandiya, Estoniya, Qazaxıstan, Türkiyə və Misir idmançıları da qoşulublar. Yerli və xarici gimnastların çıxışlarını Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov, AGF-nin baş katibi Fərid Qayıbov və bədii gimnastika üzrə ölkə yığmasının baş məşqçisi Mariana Vasileva və digər rəsmi şəxslər izləyiblər.
Müxtəlif ölkələrdən olan idmançıların iştirakı Azərbaycanda bədii gimnastikanın inkişaf səviyyəsindən və Milli Gimnastika Arenasında yaradılan yüksək səviyyəli şəraitdən xəbər verir. Yerli mütəxəssislərdən və bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilevadan tövsiyələr alan iştirakçılar Azərbaycan yığma komandasının növbəti yoxlama məşq toplanışında çıxışlarını nümayiş etdiriblər.
Təlim məşq-toplanışı xarici gimnastların əfsanəvi "O olmasın, bu olsun” kinofilmindən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun müsiqisinin sədaları altında başa çatıb.
Xatırladaq ki, gimnastika üzrə Azərbaycan yığma komandalarının məşqləri 2014-cü ilin aprel ayından istifadəyə verilən Milli Gimnastika Arenasında keçirilir.