Bədii gimnastika üzrə Azərbaycan yığması Almaniyanın Ştutqart şəhərində keçiriləcək və Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq dünya çempionatına hazırlığı davam etdirirlər. İyulun 30-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yığma komandanın açıq təlim-məşqi keçirilib.
Bədii gimnastika üzrə ölkə yığmasının baş məşqçisi Mariana Vasileva dünya çempionatına hazırlıqla bağlı fikirlərinin "Olimpnews.az” saytı ilə ilə bölüşüb.
- Bugünkü yoxlama məşqi idmançılarımızın Polşada keçiriləcək beynəlxalq turnirin birinci startına həsr edilib. Amma əsas olan Almaniyada keçiriləcək qarşıdakı dünya çempionatıdır. Birinci Avropa Oyunlarından sonra cəmi 10 gün istirahət edə bildik. Qızlar formada qaldılar, çünki istirahət zamanı da formalarını qorumağa çalışırdılar. Azərbaycan gimnastları Qazaxıstan, Türkiyə, Misir, Yeni Zelandiya, Kanada və Estoniya təmsilçiləri ilə birlikdə məşq prosesini davam etdirirlər. Qızlarımızın çıxışından ümumulikdə razıyam. Qarşıdan Almaniyanın Ştutqart şəhərində keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı gəlir və bu da idmançılarımızın üzərinə böyük məsuliyyət qoyur. Qeyd edim ki, bu dünya çempionatı qabağı ilk yoxlama məşqi idi. İkinci yoxlama məşqlərini sentyabrın əvvəlində təşkil etməyi düşünürük. Azərbaycanı bu yarışlarda üç idmançımız təmsil edəcək. Bizim 4 namizədimiz var və yığmanın baş məşqçisi kimi seçim etmək lazım gəlir. Düşünürəm ki, seçimdə üstünlük məşqləri buraxmayan və daha çox əziyyət çəkənə veriləcək. Təcrübəmə əsasən deyə bilərəm ki, elə qızlar var ki, təbiətən gimnastik keyfiyyətlərə malikdirlər, amma tənbəldirlər. Elələri də var ki, bu keyfiyyətlərə malik olmasalar da, öz üzərilərində işləməyi çox sevirlər. Ümumiyyətlə, böyük idman qətiyyət, iradə, zəhmət və möhkəm iradə tələb edir. Başqa sözlə, idman zəiflər üçün deyil. İnanıram ki, biz dünya çempionatında Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün inamla mübarizə aparacağıq və fikrimcə, hər şey yaxşı olacaq.
Səadət Hakıyeva