“Neftçi İdman Klubu” İctimai Birliyində görüş

“Neftçi İdman Klubu” İctimai Birliyində görüş


"Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bugünlərdə İsveçin Eskilstuna şəhərində keçirilən atletika üzrə yeniyetmələrin Avropa birinciliyində üçtəkanla tullanma yarışlarında 17.04 metr nəticə ilə 30 illik rekordu təzələyərək çempion olan, bununla da Rio de Janeyro-2016-ya lisenziya qazanan Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyevlə görüşüb. O, Azərbaycan Respublikasının dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan məqsədyönlü idman siyasətinin artıq öz bəhrəsini verdiyini bildirib. Qeyd edib ki, ölkə Prezidentinin gərgin əməyi və qayğısı nəticəsində hazırda Azərbaycan dünya arenasında idman ölkəsi kimi tanınır. Paytaxt və bölgələrdə müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılması mühüm vəzifələrdən biri kimi müəyyənləşib. Son illər Azərbaycanda çoxlu sayda beynəlxalq səviyyəli idman tədbirləri təşkil olunub. Respublikamızda idman və Olimpiya Hərəkatı sahəsində görülmüş işlər ölkəmizin uğurlu inkişafının göstəricisidir.
Aparat rəhbəri onu da vurğulayıb ki, ölkəmizin və idmanımızın sürətli inkişafının nəticəsidir ki, ilk Avropa Oyunları Azərbaycanda keçirildi. Bu, tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Oyunları keçirilməmişdir və birinci Avropa Oyunlarının Bakıda təşkili ölkəmizin böyük uğurudur. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır.
Sonra o, Azərbaycan idmançılarının, eləcə də "Neftçi İdman Klubu”nun təmsilçilərinin ilk Avropa Oyunlarındakı uğurlu çıxışlarından bəhs edib.

Ardınca atleti qazandığı böyük uğur münasibətilə təbrik edən aparat rəhbəri əldə olunan yüksək nailiyyətə görə onlara minnətdarlığını bildirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Sadıq Sadıqov onlara göstərilən diqqət və qayğını bir qədər də artıracaqlarını bildirib. O, aparatın məsul işçilərinə idmançıya daha yaxşı şərait yaradılması ilə bağlı xüsusi tapşırıqlarını verib.
Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyev səmimi görüşə və göstərilən qayğıya görə Sadıq Sadıqova dərin minnətdarlıqlarını bildiriblər. Atlet bundan sonra daha da əzmlə çalışacağına və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəyinə söz verib.
Qeyd edək ki, Nazim Babayev Avropa Birinciliyində almaniyalı idmançı Volker Mainin 1985-ci ildə göstərdiyi 16.93 metrlik rekordunu təzələmişdi.

"Neftçi İdman Klubu”
İctimai Birliyinin mətbuat xidməti