Avropa Oyunlarının paralimiyaçı mükafatçıları ilə görüş keçirilib

Avropa Oyunlarının paralimiyaçı mükafatçıları ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Bakı-2015 Avropa Oyunlarında medal qazanan paralimpiyaçılarla görüş keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda paralimpiya hərəkatının geniş vüsət almasından danışıb və əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların cəmiyyətin həyatında fəal iştirakının təmin olunması üçün aparılan fəal dövlət siyasətinin mühüm uğurlarından biri kimi qiymətləndirib: "Bu gün paralimpiyaya daxil olan əksər idman növləri üzrə idmançılarımız var. Onlar paralimpiya oyunlarında, beynəlxalq səviyyəli mötəbər yarışlarda ölkəmizi şərəflə təmsil edirlər. Bu ilin iyun ayında Azərbaycanda Olimpiya Oyunları səviyyəsində keçirilən və dünya idman tarixində yeni səhifə açan I Avropa Oyunlarında paralimpiyaçılarımız xalqımıza bir daha qələbə sevincini yaşatdılar”.
İlk Avropa Oyunlarının qızıl medalçısı, iki dəfə Paralimpiya Oyunları, ikiqat dünya və beşqat Avropa çempionu İlham Zəkiyev Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə, o cümlədən paralimpiyaçılara daimi qayğıkeş münasibətinin onları yeni qələbələrə ruhlandırdığını vurğulayıb. İ.Zəkiyev 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarında da zəfər qazanacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Avropa Oyunlarının gümüş medalçısı, ikiqat dünya çempionu, üçqat gümüş medalçı S.Abdullayeva, Avropa çempionatının və Avropa Oyunlarının bürünc mükafatçısı Z.Mislimov ölkədə paralimpiyaya dövlət qayğısından danışaraq, gələcəkdə yeni-yeni uğurlar qazanacaqlarına söz veriblər.
Görüşdə Milli Paralimpiya Komitəsinin prezidenti, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov, baş məşqçi İbrahim İbrahimov da iştirak ediblər.
Tədbirin sonunda Bakı-2015 ilk Avropa Oyunlarında nümayiş etdirilən paralimpiya yarışlarını, idmançılarımızın qələbələrini və medalların təqdim olunması mərasimlərini əks etdirən videoçarx nümayiş etdirilib və qalib paralimpiyaçılara hədiyyələr və gül dəstələri təqdim olunub.