Ələkbər Məmmədovun vəfatından bir il keçir

Ələkbər Məmmədovun vəfatından bir il keçir

Artıq 1 ildir ki, Azərbaycan idmanında misilsiz xidmətləri olan əfsanəvi futbolçu Ələkbər Məmmədov haqqında keçmiş zamanda danışırıq. Bu məşhur futbolçudan danışanda istər-istəməz kövrəlirik və eyni zamanda bu maraqlı insanla bağlı xoş xatirələr yadımıza düşür. Deyirlər, insan bu dünyaya iz qoymaq üçün gəlir. Ələkbər müəllim nəinki öz həyatında, həm də Azərbaycan xalqının idman taleyində mühüm iz qoymağı bacaranlardandır. Təsadüfi deyil ki, vaxtilə SSRİ yığmasında "Dinamo”nun oyunçusu və Azərbaycan yığma komandasının baş məşqçisi kimi fəaliyyət göstərən həmyerlimiz respublikamızda gənc idmançıların hazırlanması və yüksək səviyyəli futbolçuların yetişdirilməsində müstəsna rol oynayıb.

Ələkbər Məmmədovsuz görüş
İyulun 28-də Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, görkəmli idman xadimi, əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, professor Ələkbər Məmmədovun vəfatının ildönümü idi. Məşhur futbolçunun xatirəsini yad etmək üçün idmançı dostları və həmkarları bir araya gəlmişdilər. Kazbek Tuayev, Yaşar Babayev, Oqtay Abdullayev, Səməd Qurbanov, Eldar Bədəlov, Rüstəm Rəhimov, Rafiq Mirzəyev və başqaları Ələkbər Məmmədovsuz onun görüşünə gəlmişdilər.

"Çılğın italyan azarkeşlər öz futbolçularını deyil, azərbaycanlı futbolçunu alqışlayırdılar”
Yəqin ki, əfsanəvi futbolçunun həyatında yaddaqalan məqamlardan biri də ötən il mayın 9-da 84 illik yubileyi ilə bağlı ona hazırlanan sürpriz oldu. Belə ki, İtaliyanın Azərbaycandakı səfirliyinin dahi futbolçunun şərəfinə verdiyi ziyafət və səfirin onun barəsində dediyi sözlər Məmmədovu doğrudan da mütəəsir etmişdi. Ziyafətdə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo Ələkbər Məmmədovu təbrik edərək italyanlı azarkeşlərin hələ də onun gözəl oyununu xatırladıqlarını demişdi: "Azərbaycan futbolu üçün unudulmaz olan həmin gün, yəni 1955-ci il sentyabrın 4-də Milan şəhərinin təxminən 100 min nəfərlik məşhur "San Siro” stadionu tamaşaçıların alqış səsələrindən guruldayırdı. Təəccüblüsü bu idi ki, çılğın italyan azarkeşlər öz futbolçularını deyil, azərbaycanlı futbolçunu alqışlayırdılar”.

"Bu, yalnız mənə məxsus olan qeyri-adi rekorddur”
Xatırladaq ki, Moskvanın "Dinamo” komandası bu vaxta qədər artıq iki dəfə dünya çempionu olmuş İtaliyaya ayaq basan ilk sovet klubu idi. "Milan”- ”Dinamo” matçını izləməyə Qərbi Almaniya, Fransa, İsveçrə, Avstriya, Belçika, Hollandiya kimi ölkələrdən də xeyli mütəxəssislər və azarkeşlər gəlmişdi. Ulduzlardan ibarət italyan klubu bundan iki ay öncə "Dinamo”nu Moskvada 4:2 hesabı ilə udmuşdu. Damaqlarında şirə qalan milanlılar moskvalıları bu dəfə də darmadağın edəcəklərinə inanırdılar. Amma Ələkbər Məmmədov olmasaydı...Azərbaycanlı futbolçunun fantastik oyunu italyanların bu arzusunu gözündə qoydu. Ələkbər Məmmədov həmin oyunda "Milan”a 4 qol vurdu! Unudulmaz oyun idi...
Ələkbər Məmmədov xatirələrində yazırdı: " "Mən dünyaca məşhur "Milan” klubunun qapısına bir oyunda 4 qol vurmuş yeganə futbolçuyam. Özü də bu, İtaliyada, üstəlik cəmi 22 dəqiqə ərzində olub. Bu, yalnız mənə məxsus olan qeyri-adi rekorddur”.

Məşhur futbolçunun xatirəsi ehtiramla yad edilir
Qeyd edək ki, AFFA və Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə Ələkbər Məmmədovun xatirəsini yad etmək üçün müxtəlif tədbirlər keçirilir. Növbəti belə tədbirlərdə biri də bu il mayın 9-da məşhur futbolçunun 85 illik yubileyi ilə bağlı xatirə tədbiri idi. Tədbirdən əvvəl AFFA-nın əməkdaşları, futbol veteranları, idman ictimaiyyətinin nümayəndələri mərhumun məzarını ziyarət ediblər. Sonra isə Bayıl stadionunda "Neftçi” klubunun veteranlarından ibarət komanda ilə Azərbaycan milli yığma komandalarında çalışan məşqçilərdən və AFFA-nın əməkdaşlarından təşkil olunmuş komanda arasında görüş keçirilib.

Ələkbər Məmmədov 1930-cu il, mayın 9-da Bakıda anadan olub. 1952-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Ələkbər Məmmədov Bakının "Neftçi” (1948-1953 və 1960-1962), Moskvanın "Dinamo” (1954-1959) komandalarında oynayıb. SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. Beynəlxalq oyunlarda iştirak edib. SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirib. 1960-cı ildə keçirilən futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır.
Bakının "Neftçi” komandasının, Azərbaycanın yığma komandasının məşqçisi olub, Bakının ali təhsil müəssisələrində işləyib. O, 1960-cı ildə "SSRİ-nin əməkdar idman ustası”, 1990-cı ildə isə "SSRİ-nin əməkdar məşqçisi” fəxri adına layiq görülüb.

Səadət Hakıyeva