Millimizin idmançıları Daşkənddə medal qazana bilmədilər

Millimizin idmançıları Daşkənddə medal qazana bilmədilər

Aprelin 5-də Özbəkistanın paytaxtı Daşkənddə start götürən ağırlıqqaldırma üzrə yeniyetmə oğlanlar və qızlar arasında dünya birinciliyi aprelin 14-də başa çatıb. Yarışda ölkəmizi Ruslan Rzazadə (50 kq), Məhəmməd Məmmədli (50 kq), Esmin Əhmədov (56 kq), Rüstəm İmanzadə (56 kq), Mansur Ağaverdiyev (62 kq), Orxan Həsənli (62 kq), Kamran Beskov (85 kq), Dadaş Dadaşbəyli (94 kq) oğlanlar, Mərziyyə Məhərrəmova (48 kq), Gülçin Əlizadə (48 kq), Sona Məmmədova (58 kq), Kseniya Visnitskaya (58 kq) və Günel Əlizadə (63 kq) isə qızlar arasında təmsil ediblər.

Ötən sayımızda idmançılarımızın çıxışları ilə bağlı ətraflı məlumat vermişdik. Milli komandamızın üzvlərindən biri - Kseniya Vişnitskaya 58 kq çəki dərəcəsinin "A” qrupundan mübarizə aparıb.
Birdənqaldırma hərəkətində 70 kq çəkini yalnız ikinci cəhddə ram edən idmançımız, üçüncü yanaşmada 73 kq ağırlığı ram edə bilməyib. Onun bu çıxışı 18-ci yerlə qiymətləndirilib. Təkanla qaldırma hərəkətinə Kseniya 85 kq-ı qaldırsa da 90 kq onun üçün ağır olub. Üçüncü yanaşmasından imtina edən gənc idmançımız təkanla qaldırmada da 18-ci olub. İki hərəkətin cəmində 155 kq (70 kq + 85 kq) nəticə göstərən Vişnitskaya, ümumi cədvəldə 18-ci yerə layiq görülüb.
Sona Məmmədova və Günel Əlizadə isə 63 kq çəki dərəcəsinin "B” qrupunda yarışıblar. Birdənqaldırma hərəkətində hər iki atletimiz yanaşmalarını uğurla yerinə yetiriblər. Sona və Günel 52 kq, 55 kq və 58 kq-lıq çəkinin öhdəsindən uğurla gəliblər. Komanda yoldaşına nisbətən çəkisi bir qədər yüngül olan Sona Məmmədova 13-cü, Günel Əlizadə isə 14-cü pillədə qərarlaşıb.
Təkanla qaldırma hərəkətində Sona Məmmədova 60 və 63 kq-ı qaldırsa da, 66 kq-da "büdrəyib”. Əlizadə Günel isə 65 və 70 kq-a ram etdikdən sonra, 73 kq-da qüvvəsini toplaya bilməyib. Nəticədə, bu hərəkətdə Günel 13-cü, Sona 14-cü olub.
İki hərəkətin cəmində Günel Əlizadə 128 kq (58 kq + 70 kq) nəticə ilə 13-cü, Sona Məmmədova isə 121 kq (58 kq + 63 kq) nəticə ilə 14-cü yeri tutub.

Oğlanların mübarizəsində Kamran Beskov 85 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparıb. İdmançımız birdənqaldırma hərəkətində əvvəlcə 117 kq, sonra isə 122 kq çəkini başı üzərinə qaldırıb. Üçüncü yanaşmada 124 kq-ın öhdəsindən gələ bilməyən Beskov, bu hərəkətdə yarışı 5-ci yerdə tamamlayıb. Təkanla qaldırma hərəkətində ilk cəhdində 152 kq-ı qaldıran Kamran, sonrakı iki cəhdində uğursuzluqla üzləşib. 158 kq-a güc çatdıra bilməyən atletimiz bu hərəkətdə 2-ci olub.
İki hərəkətin 274 kq (122 kq + 152 kq) nəticə göstərən idmançı, "B” qrupunu 3-cü yerdə yekunlaşıdırıb. Yığmamızın son medal ümidi olan Dadaş Dadaşbəyli medallar uğrunda mübarizə aparıb. Birdənqaldırma hərəkətində Dadaşbəyli əvvəlcə 142 kq, daha sonra isə 146 kq-ı ram edib. 150 kq-a gücü çatmayan idmançımız bu hərəkətdə 4-cü olub. Təkanla qaldırma hərəkətində o, 172 kq ağırlığı iki yanaşmaya qaldırıb. Üçüncü yanaşmada 177 kq-ı ram edən idmançımız 4-cü pilləyə layiq çıxış edib. İki hərəkətin cəmində 323 kq (146 kq + 177 kq) nəticə göstərən Dadaş Dadaşbəyli yekund 4-cü yerlə Daşkəndi tərk edib. Qeyd edək ki, Dadaş ötən il Slovakiyada keçirilən dünya çempionatında 85 kq-da çıxış edib və 260 kq nəticə ilə "B” qrupunda 5-ci yeri tutub.
Xatırladaq ki, bundan əvvəl millinin idmançılarından Ruslan Rzazadə 18-ci, Məhəmməd Məmmədli isə 15-ci yerə çıxıb. İki hərəkətin cəmində B qrupunda Rüstəm İmanzadə 210 kq-la (95 kq + 115 kq) 8-ci, Esmin Əhmədov isə 201 kq-la (85 kq + 116 kq) 11-ci yeri tutub. Yekuna əsasən isə onlar 18 və 21-ci yerə yiyələniblər.
Qızların mübarizəsində Mərziyyə Məhərrəmova 48 kq çəki dərəcəsində 138 kq-la (60 kq + 78 kq) 12-ci yerlə kifayətlənib. Orxan Həsənli 62 kq çəki dərəcəsinin "B” qrupunda 14-cü yeri tutub. Mansur Ağaverdiyev 62 kq çəki dərəcəsinin "C” qrupunda 7-ci yerə layiq görülüb. Onun yekun cədvəlində yeri "B” və "A” qrupundakı yarışlar başa çatdıqdan sonra məlum olacaq.
53 kq çəki dərəcəsində "A” qrupunda ölkəmizi təmsil edən və 153 kq (68 kq + 85 kq) nəticə göstərən Gülçin Əlizadə dünya birinciliyinin yekunlarına əsasən 13-cü yeri tutub.