Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. Güləşçilərimiz çempionatda 5 medal - 2 qızıl və 3 bürünc qazanıblar.
Sərbəst güləşçilərimiz ilk yarış gününü 1 qızıl və 3 bürünc medalla başa vurublar. İslam Bazarqanov (50 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) isə bürünc medal qazanıblar.
Əsgər Məmmədəliyev (42 kq) mübarizəyə Latviya və Ermənistan güləşçiləri üzərində qələbə ilə başlayıb. Yarımfinalda Türkiyə təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Polşa güləşçisinə heç bir şans verməyən Əsgər vaxtından əvvəl qələbə qazanaraq Avropa çempionatının bürünc medalına sahib olub.
İslam Bazarqanov (50 kq) bütün rəqiblərinə böyük hesabla qalib gələrək finala yüksəlib.
Final yolunda Yunanıstan, Fransa və Türkiyə təmsilçilərini mübarizədən kənarlaşdıran güləşçimiz həlledici görüşdə Moldova idmançısı ilə qarşılaşıb. Vaxtından əvvəl tam üstünlüklə qələbə əldə edən İslam Bazarqanov Avropa çempionatının qızıl medalını qazanıb.
Geriya Qadisa (58 kq) Estoniya və Rumıniya güləşçilərinə tam üstünlüklə qalib gəlib. Yarımfinalda Gürcüstan idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda yarışa çıxıb. Polşa təmsilçisinə heç bir şans verməyən idmançımız Avropa çempionatının bürünc medalına sahib olub.
İsmayıl Abdullayev (69 kq) ilk görüşdə Belarus idmançısına qalib gəlsə də, Gürcüstanlı rəqibinə uduzub. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşlərə qatılmaq şansı verib. Bu şansı müsbət dəyərləndirən İsmayıl Türkiyə və Yunanıstandan olan rəqiblərini üstələyib. Bürünc medal uğrunda son görüşdə onun rəqibi Bolqarıstan idmançısı olub. Görüşü öz xeyrinə tamamlayan İsmayıl Abdullayev Avropa çempionatının bürünc medalına yiyələnib.
Rahid Həmidli (85 kq) ilk görüşdə Macarıstandan olan rəqibini məğlub etsə də, Türkiyə təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşdə qüvvəsini sınamaq şansı verib. Moldova təmsilçisi üzərindəki qələbə Rahidin bürünc medal uğrunda görüşə çıxmasına imkan verib. Üçüncü yer uğrunda Gürcüstan idmançısı ilə qarşılaşan güləşçimiz qələbəni son saniyədə əldən verib və çempionatı 5-ci sırada tamamlayıb.
Avropa çempionatının ikinci günündə 46 kq, 54 kq, 63 kq, 76 kq və 100 kq çəkidə yarışan sərbəst güləşçilər güclərini sınayıblar. Güləşçilərimizdən yalnız ağır çəkidə mübarizə aparan Alimaqomed Alixmayev (100 kq) mübarizəni finala qədər davam etdirib. Türkiyə, Bolqarıstan və Gürcüstan pəhləvanları üzərində inamlı qələbə güləşçimizi finala yüksəldib. Həlledici görüşdə təmsilçimizin rəqibi Ermənistan idmançısı olub. Finalda bir dəqiqə ərzində rəqibini böyük hesablı (10:0) məğlubiyyətə uğradan idmançımız Avropa çempionatının qızıl medalına sahib olub.
Serbiyada keçirilən Avropa çempioantı avqustun 9-da başa çatacaq.