Səmti müəyyənetmə üzrə təlimlər keçirilir

Səmti müəyyənetmə üzrə təlimlər keçirilir


"İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi məqsədi ilə "SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında "Green” layihəsinə start verib.
Təşkil olunan layihə Gəncə şəhərinin Hacıkənd qəsəbəsində avqustun 9-na kimi davam edəcək. Belə ki, təşkil olunan düşərgədə gənclər açıq havada qurulacaq yaşayış çadırlarında qalaraq, bir sıra ekoloji, ətraf mühitin qorunması sahəsində təlimlərdə, ictimai müzakirələrdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Gənclər eyni zamanda təşkil olunacaq səmti müəyyən etmə, dağa dırmanma üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, düşərgədə 100-ə yaxın gənc iştirak edir.
Layihə çərçivəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası tərəfindən düşərgə iştirakçıları üçün səmti müəyyən etmə idman növü üzrə təlimlər təşkil olunur.
Proqrama uyğun olaraq dörd gün ərzində səmti müəyyən etmə üzrə milli komandanın üzvü, eləcə də sonuncu respublika çempionu Şəhriyar İsmayılovun rəhbərliyi ilə düşərgə iştirakçılarına hərbi yönlü idman növü sayılan səmti müəyyən etmə barədə geniş məlumat verilməklə yanaşı, həm nəzəri, həm də praktiki məşqlər keçiriləcək.