Serbiyanın Subotiça şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatı başa çatıb.
Çempionatın son günündə 46 kq, 54 kq, 63 kq, 76 kq və 100 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurublar.
Güləşçimiz Zaur Nuriyev (46 kq) əvvəlcə Belarus, ardınca Ermənistan təmsilçisinə qalib gəlib gəldikdən sonra yarımfinalda Türkiyə güləşçisinə uduzub. Bürünc medal uğrunda görüşə çıxan təmsilçimiz Latviya idmançısına tam üstünlüklə qalib gəlib və Avropa çempionatının bürünc medalına yiyələnib.
100 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü Camal Feyziyev Xorvatiya, Bosniya və Hersoqovina və Rumıniya güləşçilərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda güləşçimiz Rusiya təmsilçisi ilə gərgin keçən görüşü üstün tamamlayıb və Avropa
çempionatının qızıl medalını qazanıb.
Yunan-Roma güləşi yarışlarının ilk günündə idmançımız Ülvi Qənizadə (69 kq) komandamıza bürünc medal qazandırmışdı. Avropa çempionatında ümumilikdə 1 qızıl və 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında Rusiya, Gürcüstan və Türkiyədən sonra 4-cü yeri tutublar.
Xatırladaq ki, sərbəst güləşçilərimiz çempionatda 2 qızıl və 3 bürünc, yeniyetmə qızlar isə 1 gümüş və 1 bürünc medal qazanıblar. İslam Bazarqanov (50 kq) və Alimaqomed Alixmayev (100 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb. Bu nəticə ilə sərbəst güləş yığmamız komanda hesabında Gürcüstan, Türkiyə və Rusiyadan sonra 4-cü pillədə qərarlaşıb.
Yeniyetmə qızların mübarizəsində güləşçilərimizdən Zemfira Ələkbərli (38 kq) gümüş və Aynur Camalova (43 kq) bürünc medala sahib olublar.