Boulinq üzrə üçüncü açıq ölkə çempionatı keçirilib

Boulinq üzrə üçüncü açıq ölkə çempionatı keçirilib

Avqustun 7-də "Biz hər şeyə qadirik” layihəsi çərçivəsində əlil arabası istifadəçiləri arasında boulinq üzrə üçüncü açıq ölkə çempionatı keçirilib. "Əlil İdmançılara Dəstək” İctimai Birliyi, Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK), Boulinq Federasiyasının və "AAAF Park” yaşayış kompleksinin təşkilatçılığı ilə keçirilən yarışda AMPK-nın idmançıları, müxtəlif turnirlərin qalibləri və ilk dəfə olaraq Ukraynanın AİK təşkilatından olan atletlər iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə keçirilən yarış Bakı Əyləncə Mərkəzində təşkil olunub.
İctimai Birliyin sədri Kamal Məmmədov və AMPK-nın prezidenti İlqar Rəhimov çempionatın açılışında çıxış edərək belə yarışların fiziki qüsurlu insanların cəmiyyətin bərabərhüquqlu vətəndaşları olduqlarını, onların həyat eşqini və yüksək iradəyə malik olduqlarını ictimaiyyətin diqqətinə çatdırmaq xarakteri daşıdığını bildirib.
Sonra çempionata start verilib.
Ümumilikdə 14 kişi və 7 qadın idmançının mübarizə apardığı yarışda qadınların arasında birinci yerə Gülnaz Hidayətova layiq görülüb. Ukraynalı Mariya Nikitina və təmsilçimiz Azadə Abdullayeva müvafiq olaraq, ikinci, üüncü yerləri tutublar. Kişilərin mübarizəsində isə birinci yerə Amid Qasımbəyov sahib çıxıb. İkinci və üçüncü yerləri isə Faiq Əsədullayev və Ukrayna təmsilçisi Dmitri Şebetyuk bölüşdürüblər.
Məlumat üçün qeyd edək ki, yaxın illərdə Azərbaycanda bu sahədə beynəlxalq turnirin keçirilməsi də planlaşdırılır.