«Neftçi İdman Klubu»nun idman xronikası

«Neftçi İdman Klubu»nun idman xronikası



Güləş
Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa birinciliyi başa çatdı.
"Neftçi İdman Klubu”nun yığmanın heyətində yer alan pəhləvanı Əsgər Məmmədəliyev (42 kq) sərbəst güləşçilər arasında təşkil olunan yarışda mübarizəyə səkkizdəbir finaldan başlayıb. İlk görüşündə o, latviyalı Arturs Karabansı 15:4 hesabı ilə məğlub edib. Növbəti qarşılaşmada Ermənistan idmançısı Razmik Papikyan üzərində inamlı qələbə qazanan (4:2) Məmmədəliyev yarımfinalda Türkiyə təmsilçisi Kara Doğana uduzub (4:8) və bürünc medal uğrunda mübarizə aparmalı olub. Üçüncü yer uğrunda görüşdə polşalı Kristian Brezinskiyə heç bir şans verməyən güləşçimiz vaxtından əvvəl qələbə qazanaraq (10:0) Avropa birinciliyinin bürünc medalına sahib olub.

Velosiped idmanı
"Neftçi İdman Klubu”nun velosiped ustası, gənclərdən ibarət yığmamızın üzvü Samir Cəbrayılov Sloveniyada keçirilən beynəlxalq yarışda bacarığını nümayiş etdirib. Klubun təmsilçisi uğurlu çıxışı ilə diqqət çəkib. İdmançımız bu ölkədə keçirilən "Kranj-2015” kriterium yarışında əzmkarlıq nümayiş etdirərək bürünc medala yiyələnib.

Futbol
"Neftçi İdman Klubu”nun futbol sektoru tərəfindən Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına Təlim-İdman Bazasında U-10, U-11 və U-12 komandaları arasında seleksiya xarakterli turnir keçirilib. Turnirin keçirilməsində əsas məqsəd klubun bu yaş qrupları üzrə komandalarının heyətinin komplektləşdirilməsi və yarışlarda iştirak edən, eləcə də baxış üçün yoxlama oyunlara qatılan yeniyetmə istedadlı futbolçuları aşkar etmək və müvafiq yaş qruplarına cəlb etmək idi. İki gün davam edən turnirdə Rəvan Qarayev, Fərid Allahverdiyev, Nihat Qurbanov, İnqilab Ağazadə, Emil Hüseynov, Sadiq Babayev, Elşən Babayev, Ömər Mirzəyev və Rüfət Rüstəmov kimi istedadlı yeniyetmə futbolçular məşqçilər tərəfindən bəyənilərək müvafiq yaş qruplarına cəlb olunublar.
Qeyd edək ki, klubun futbol sektoru iyul ayında Siyəzən şəhərində U-13, U-14 və U-15 komandaları arasında da eyni məqsədlə seleksiya xarakterli turnir təşkil etmişdi.


Atletika
Milli Olimpiya Komitəsində Azərbaycan atleti, "Neftçi İdman Klubu”nun təmsilçisi Nazim Babayevlə görüş keçirilib. Tədbir idmançının İsveçin Eskilstuna şəhərində keçirilən atletika üzrə gənclər arasında Avropa birinciliyində qızıl medal qazanması və 30 illik rekordu yeniləməsi münasibətilə təşkil olunub.
Nazim Babayevi qazandığı uğur münasibətilə təbrik edən MOK-un vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə idmançımızın Bakı-2015 Birinci Avropa Oyunlarında uğurlu çıxış etməsindən və Rio de Janeyroya lisenziya qazanmasından danışıb: "Sevinirəm ki, atletimiz Avropa rekordunu yenilədi. Bununla da Nazim Babayev öz adını Avropa idmanının tarixinə yazdırdı. Bizdə atletika üzrə Avropa rekordçusu çox nadir hallarda olur. Bu, eyni zamanda Babayevə 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazandırdı. Artıq Azərbaycan Avropa atletika ailəsinin bir üzvüdür. Bizim əsas məsələlərimizdən biri atletikanın kütləviliyini artırmaqdır. Biz insanları bu idman növünə dəvət etdikdə onlara kumir göstərməliyik. Sevinirəm ki, artıq belə gənc idmançımız var. Belə gözəl nailiyyətlə fərəh hissi keçirirəm. Bu, qürurverici bir haldır”.
Sonra federasiya prezidenti ölkəmizdə atletikanın inkişafından söhbət açıb və atlet Nazim Babayevə gələcək yarışlarda uğurlar diləyib.
Nazim Babayev ona göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Atletika Federasiyasının və "Neftçi İdman Klubu”nun rəhbərliyinə dərin minnətdarlığını bildirib. Atlet ona bəslənilən ümidləri doğruldacağına və gələcək yarışlarda daha böyük uğurlar əldə etməyə çalışacağına söz verib.

Paralimpiya
Qazaxıstan Respublikasının Almatı şəhərində paralimpiyaçılar arasında pauerliftinq idman növü üzrə açıq Asiya çempionatına yekun vurulub. 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran çempionatda 30 ölkədən 220 paralimpiyaçı qalib adı uğrunda mübarizəyə qoşulub.
"Neftçi İdman Klubu”nun təmsilçisi Elşən Hüseynov (107 kq) yarışda böyük uğura imza atıb. O, 242 kq ağırlığın öhdəsindən gələrək qızıl medala sahib olub və dünya rekordunu təzələyib.
Qeyd edək ki, Elşən Hüseynov hazırda beynəlxalq reytinq cədvəlində birinci yerdədir.

"Neftçi İdman Klubu” İctimai Birliyinin
mətbuat xidməti