«Neftçi İdman Klubu»nun idman xronikası

«Neftçi İdman Klubu»nun idman xronikası


Cüdo
Bosniya və Herseqovinanın Sarayevo şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə dünya birinciliyi başa çatıb. 59 ölkədən 478 idmançının (271 oğlan, 207 qız) mübarizə apardığı yarışa Azərbaycan komandası 9 cüdoçu (8 oğlan, 1 qız) ilə qatılıb.
"Neftçi İdman Klubu”nun millinin heyətində yer almış yeniyetməsi Zelim Kotsiyev (90 kq) mübarizəyə səkkizdəbir finaldan başlayıb. İlk görüşdə Serbiya cüdoçusunu üstələyən idmançımız növbəti mərhələdə belaruslu Anton Saşloviçi məğlubiyyətə uğradıb. Yarımfinalda Yaponiya təmsilçisi üzərində qələbə qazanan Kotsiyev həlledici mərhələdə hollandiyalı Simeon Çatarinayla görüşdən məğlub ayrılıb və dünya birinciliyinin gümüş medalına layiq görülüb.



Güləş
Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa birinciliyinə yekun vurulub.
Yunan-Roma güləşçilərinin mübarizəsində "Neftçi İdman Klubu”nun təmsilçisi Ülvi Qənizadə (69 kq) Norveç güləşçisi Per-Anders Kureni və finlandiyalı Tiistala Eliası məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə Rusiya idmançısı Aleksandr Komarovla qarşılaşmadan məğlub ayrılan Qənizadə bürünc medal uğrunda görüşə çıxıb. Pəhləvanımız bu dəfə gürcü Nikoloz Çikaidze ilə üz-üzə gəlib və 9:0 hesabı ilə qalib gələrək qitə yarışının bürünc medalına yiyələnib.
Xatırladaq ki, bir neçə gün öncə klubun sərbəst güləşçisi Əsgər Məmmədəliyev (42 kq) də bu birincilikdə eyni uğura imza atmışdı.

"Neftçi İdman Klubu” İctimai Birliyinin
mətbuat xidməti