Gənc güləşçilərimiz Braziliyada tarix yazdılar

Gənc güləşçilərimiz Braziliyada tarix yazdılar



Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a verilən xəbərə görə, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edib. Ümumilikdə, 7 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan yığma komandamızın hər biri xal hesabında dünya çempionatını ikinci sırada tamamlayıb. Qızıl medalların sayına görə, bütün komandaları qabaqlayaraq dünya birincisi olan gənc sərbəst güləşçilərimiz idman tariximizdə yeni bir səhifə yazıb.
Yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin Mikayılov (66 kq)) medal qazanıb. Gənc qızların yarışında isə, yığmamız 2 qızıl (Türkan Nəsirova (44 kq), Leyla Qurbanova (51 kq)), 2 gümüş (Raqnetta Qurbanzadə (63 kq), Səbirə Əliyeva (72 kq)) və 1 bürünc (Elis Manolova (67 kq)) medala sahib olub. Sərbəst güləşçilərimiz Dünya çempionatını, 4 qızıl (Mahir Əmiraslanov (50 kq), Teymur Məmmədov (66 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq)) və 1 bürünc (Arif Hüseynov (50 kq)) medalla başa vurub.
Gənc güləşçilərimiz 2007-ci ildən indiyədək iştirak etdiyi dünya çempionatlarında ən çox sayda medal qazanmaqla Azərbaycan güləş tarixində ilkə imza atıb. Belə ki, 2007 və 2008-ci ildə 5, 2009-cu ildə 8, 2010-cu ildə 10, 2011-ci ildə 6, 2012-ci ildə 7, 2013-cü ildə 11 və 2014-cü ildə 12 medal qazanan gənc güləşçilərimiz, 2015-ci ildə bu medalların sayını 14-ə çatdırıb. Bu nəticə həm medalların sayına, həm də əyarına görə ötən ilki nəticələrdən daha yaxşıdır.
Gənc güləşçilərimizin 2007-ci ildən bu yana iştirak etdikləri Avropa çempionatlarının yekunlarına nəzər salsaq görərik ki, həmin il cəmi 3 medal qazananan gənclərimiz 2008 və 2009-cu illərdə 11, 2010-cu ildə 10, 2011-ci ildə 12, 2012-ci ildə 14, 2013-cü ildə 13, 2014-cü ildə isə 8 medala sahib olub. Bu il isə, gənc güləşçilərimiz Avropa çempionatını 5 qızıl, 4 gümüş və 6 bürünc olmaqla, 15 medalla başa vurublar. Bu, Avropa çempionatlarında gənc güləşçilərimizin medalların həm sayına, həm də əyarına görə qazandığı ən yüksək nəticədir.

Qarşıdan Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunları gəlir. Bu gün gənclər arasında yarışlarda ölkəmizi təmsil edən yığma komanda üzvlərinin 2016-cı ildə Rioda mübarizə aparacaq yığma komandanın heyətində olmaq şansları böyükdür. Qazanılan nəticələr gələcəyə ümidlə baxmağımıza əsas verir. İnanırıq ki, bu gün gənclər arasında yarışlarda uğurla çıxış edərək, bayrağımızı yüksəldən, himnimizi səsləndirən bu pəhləvanlar qazandıqları uğurları, nailiyyətləri gələcəkdə də davam etdirəcək, bütövlükdə xalqımızı və bütün güləş həvəskarlarını sevindirəcəklər.

Gənc güləşçilərin Avropa və Dünya çempionatlarında qazandığı medallar (2007-2015)

İllər Yarışlar Qızıl Gümüş Bürünc Cəmi YEKUN
2007 Avropa 1 1 1 3                                    
         Dünya 0 2 3 5                                 8
2008 Avropa 3 2 6 11                                
         Dünya 1 1 3 5                                 16
2009 Avropa 3 2 6 11                                
          Dünya 3 3 2 8                                19 
2010 Avropa 4 3 3 10                                 
          Dünya 3 4 3 10                              20
2011 Avropa 3 5 4 12  
          Dünya 2 0 4 6                                18
2012 Avropa 4 3 7 14  
         Dünya 3 2 2 7                                 21
2013 Avropa 4 4 5 13  
         Dünya  1 1 9 11                              24
2014 Avropa 4 2 2 8  
          Dünya  6 3 3 12                             20
2015 Avropa  5 4 6 15  
         Dünya   7 4 3 14                             29