Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin dünya çempionatına start verilib.
Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri yarışacaqlar.
Ölkəmizi bu turnirdə Fail İsgəndərov (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (50 kq), Elvin Mustafayev (54 kq), Məmmədəli Həsənov (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) təmsil edirlər.
Yarışın ilk günündə 50 kq, 54 kq, 58 kq, 63 kq və 100 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Bu çəki dərəcələri üzrə 1/16 final mərhələsində Xancavad Məcidzadə (50 kq) Hindistan güləşçisi Maniş Maniş, Elvin Mustafayev (54 kq) serbiyalı Adam Katona, Məmmədəli Həsənov (58 kq) İtaliya pəhləvanı Sanfilippo İqnazio, Ramin Cəfərov (63 kq) isə Litva güləşçisi Titas Kerseviçius ilə qarşılaşacaq. Səkkizdəbir final mərhələsindən mübarizəyə qoşulacaq 100 kq çəki dərəcəsində Azərbaycan güləşçisi Camal Feyziyevin isə ilk rəqibi rumıniyalı Lenard İstvan Berei olacaq.
Xatırladaq ki, avqustun 4-dən 9-dək Serbiyada keçirilən yeniyetmələrin Avropa çempionatında yunan-Roma güləşçilərimiz 1 qızıl (Camal Feyziyev), 2 bürünc (Zaur Nuriyev və Ülvi Qənizadə) medal qazanaraq komanda hesabında dördüncü sırada qərarlaşmışdı.