Qitə çempionatının medalları Bakıda hazırlanıb

Qitə çempionatının medalları Bakıda hazırlanıb


Avqustun 21-dən 30-dək Londonda keçirilən otüstü hokkey üzrə Avropa çempionatında uğur qazanacaq komandalara təqdim ediləcək medallar dəsti Bakıda Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin "Azərsuvenir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanıb. Çempionat ərəfəsində Avropa çempionatının medallarının Britaniya paytaxtında təntənəli təqdimat mərasimi keçirilib. Müasir texnologiya əsasında yüksək peşəkarlıq və zövqlə hazırlanmış medalları sifarişçiyə "Azərsuvenir” MMC-nin direktoru Tariyel Ağayev təqdim edib. O, müəssisənin fəaliyyət istiqamətlərindən, ölkəmizin iqtisadi uğurlarından danışıb.
"Azərsuvenir”in hokkey üzrə növbəti qitə çempionatının medallarını hazırlamaq hüququnu tender müsabiqəsində qalib gələrək qazandığını vurğulayan Tariyel Ağayev deyib: "Tenderdə ciddi rəqabət var idi. Medal istehsalı sahəsində tanınmış brendlər tenderdə iştirak edirdi. Ancaq komissiya üstünlüyü "Azərsuvenir”ə verdi. Əlbəttə, bu, təsadüfi deyil. "Azərsuvenir” bundan əvvəl Bakı-2015 ilk Avropa Oyunlarının medallarını hazırlamışdı. Mütəxəssislər Avropa Oyunlarının medallarını bütün parametrlərinə görə yüksək qiymətləndirdilər. Londondakı təqdimat mərasimində çıxış edən mütəxəssislər vurğuladılar ki, dünyada idman dövləti kimi tanınan Azərbaycan artıq beynəlxalq miqyaslı yarışların medallarının hazırlanması üzrə sifarişçi ölkədən sifariş qəbul edən ölkəyə çevrilib. Bu, çox qürurverici idi. Bu, müstəqil Azərbaycanın iqtisadi, siyasi və humanitar nüfuzunun beynəlxalq aləmdə daha da artmasının göstəricisidir. Artıq Azərbaycan qitə miqyaslı iki idman yarışının medallar dəstini hazırlayıb. Biz Bakı-2015 də uğur qazanan idmançılara "Azərsuvenir”in hazırladığı medalların təqdim olunması mərasimlərində keçirdiyimiz sevinc hissinin xoş təəssüratlarını indi də yaşayırıq. Avropa çempionatının mükafatçıları üçün bizim müəssisədə hazırlanan medallar komandalara təqdim olunanda qürur hissi keçirəcəyik”.
Qeyd edək ki, "Azərsuvenir” MMC-nin yaradılmasında əsas məqsəd dövlət orden və medalları, Azərbaycanın tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə aid olan naxışlarla işlənmiş suvenirləri hazırlamaqdır.