Sentyabrın 7-dən 12-dək Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a verilən məlumata görə, artıq mundialda çıxış edəcək sərbəst və yunan-Roma güləşi üzrə milli komandamızın heyəti açıqlanıb.
Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin iştirakı ilə dünya çempionatında iştirak edəcək komandanın heyəti bəlli olub.
Yarışların ilk iki günündə mübarizə aparacaq yunan-Roma güləşi üzrə seçməmizin heyəti Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriətidən (130 kq) ibarət olacaq. Yığmamız baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparacaq.
Dünya çempionatında sərbəst güləş yarışlarında ölkəmizin idman şərəfini Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qoruyacaq. Yığmamıza baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiya rəhbərlik edəcək.
Komandanın hazırlıq prosesindən razı olduğunu bildirən AGF I vitse-prezidenti Namiq Əliyev daha çox sayda Olimpiya lisenziyası qazanmaq istədiklərini bildirib.
"Komandanın hazırlıq prosesindən razıyam. Bildiyiniz kimi, dünya çempionatı Rio-2016 Olimpiadasına ilk lisenziya yarışıdır. Gələn il daha bir neçə lisenziya turniri olacaq. Amma məhz dünya çempionatında bacardığımız qədər çox lisenziya qazanmaq istəyirik. Bununla belə Olimpiya Oyunlarına daha rahat hazırlaşa bilərik. Düşünürəm ki, Amerika Birləşmiş Ştatlarında çıxış etmək asan olmayacaq. Amma güləşçilərimizə inanırıq. Heyətimiz kifayət qədər təcrübəli idmançılardan ibarətdir. 90 faiz güləşçimiz dünya və Avropa çempionu, yarışların mükafatçılarıdır. Hər biri artıq xalçada öz sözünü deyib. Rövşən Bayramova gəlincə, indi o, əla formadadır".
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı təmsil edəcək güləş yığması avqustun 31-də ABŞ-a yola düşür.