AGF-nin I vitse-prezidentinin təklifi BOK tərəfindən qəbul edilib

AGF-nin I vitse-prezidentinin təklifi BOK tərəfindən qəbul edilib



Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək güləşçilərin sayı artırılıb.
Bildiyiniz kimi, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 2018-ci ildə Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək. Beynəlxalq Olimpiya Komitəsi (BOK) ayrı-ayrı idman növləri üzrə beynəlxalq federasiyalardan gələn təklifə əsasən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirakçı idmançıların sayını artırmaq barədə qərar qəbul edib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev yeniyetmələrin Yay Olimpiya Oyunlarında güləş idmanı üzrə iştirakçıların sayının artırılması barədə adıçəkilən qurumun iclasında təkliflə çıxış edib. Bu təklif İdarə Heyəti üzvləri və DGB Prezidenti cənab Nenad Laloviç tərəfindən də müsbət qarşılanıb və BOK rəhbərliyi qarşısında bu məsələni qaldırmaq barədə razılıq əldə edilib.
BOK-un İdarə Heyətinin növbəti iclasında müzakirəyə çıxarılan bu məsələ öz müsbət həllini tapıb. Belə ki, 2018-ci ildə Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarında çəki dərəcələri hər bir növdə 6 çəki olmaqla, 18-ə çatdırılıb. Halbuki əvvəllər idmançılar 14 çəki dərəcəsində yarışırdılar. Belə ki, 5 çəkidə sərbəst, 5 çəkidə yunan-Roma, 4 çəki dərəcəsində isə qadın güləşi üzrə yarışlar keçirilirdi.
Bu qərarın qəbulundan sonra Dünya Güləş Birliyinin Prezidenti cənab Nenad Laloviç Azərbaycan Güləş Federasiyasına məktub ünvanlayaraq AGF I vitse-prezidenti, DGB İdarə Heyətinin üzvü cənab Namiq Əliyevi təbrik edib, dünyada güləşin davamlı inkişafı üçün verdiyi təklifə və birgə əməkdaşlığa görə öz təşəkkürünü bildirib.
Yeniyetmələrin Yay Olimpiya Oyunlarının güləş yarışlarında çəki dərəcələrinin sayının artırılmasına münasibət bildirən AGF I vitse-prezidenti cənab Namiq Əliyev artıq bir neçə ildir ki, bu məsələnin müzakirə edildiyini deyib.

"Biz neçə il idi ki, bu təklifi vermişdik və müzakirələr gedirdi. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təklifimiz müsbət dəyərləndirildi və Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çəki dərəcələri artırıldı. Bu, Azərbaycan üçün çox yaxşıdır. Bundan sonra daha çox medal qazanmaq imkanımız olacaq".
Xatırladaq ki, 2010-cu ildə Sinqapurda, 2014-cü ildə Nankində keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında hər bir ölkə güləş yarışlarında maksimum 5 idmançı ilə (2 sərbəst, 2 yunan-Roma, 1 qadın) təmsil oluna bilirdi. Güləşçilərimiz maksimum sayda lisenziya əldə edərək Yeniyetmələrin I və II Yay Olimpiya Oyunlarında tam heyətlə iştirak edərək Sinqapurda 4 qızıl və 1 gümüş, Nankində isə 3 qızıl və 2 gümüş medal qazanıblar.