Xəbər verdiyimiz kimi, sentyabrın 7-dən 12-dək Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a verilən məlumata görə, artıq dünya çempionatında çıxış edəcək sərbəst və yunan-Roma güləşi üzrə milli komandamızın heyəti açıqlanıb. Güləşçilərimiz dünya çempionatında onlara bəslənilən ümidləri doğruldacaqlarına söz veriblər.
Hacı Əliyev, sərbəst güləş üzrə milli komandanın üzvü:
"Göygöldə yüksək səviyyədə təlim-məşq toplanışı keçirmişik. Dünya çempionatına tam hazırıq. Orada bizi çətin rəqiblər gözləyir. Saat fərqi, iqlim bizə müəyyən problemlər yarada bilər. Ancaq federasiya rəhbərliyi hər bir incə məqamı da nəzərə alıb. Amerikaya 1 həftə tez yollanacağıq və bu vaxt ərzində uyğunlaşma prosesi keçəcəyik. Bir sözlə, bizim üçün hər cür şərait yaradılıb. Qalır, xalçada öz sözümüzü deməyimiz. Ötənilki dünya çempionluğu titulumu qorumaq üçün əlimdən gələni edəcəm”.
Həsən Əliyev, yunan-Roma güləşi üzrə milli komandanın üzvü:
"Yarışlara hazırlıq yüksək səviyyədə keçib. İnanıram ki, komanda yoldaşlarım və mən bizə bəslənən ümidləri doğruldacağıq. Bakıda keçirilən birinci Avropa Oyunlarında bürünc medalla kifayətlənməli oldum. Amma dünya çempionatında bunun təsadüf olduğunu sübuta yetirmək istəyirəm. Rəqiblərimizi də məşqçilər heyəti ilə birlikdə təhlil etmişik. Bilirsiniz ki, dünya çempionatında zəif rəqib olmur. Bununla belə, əlimizdən gələni edib fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirik”.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı təmsil edəcək güləş yığması avqustun 31-də ABŞ-a yola düşür.