Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
Yeniyetmə qızlarımız dünya çempionatında avqustun 27-28-də yarışıblar. Ölkəmizi bu yarışlarda böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Zelfira Ələkbərli (38 kq), Ülkər Babayeva (43 kq), Səbinə Həmzəlzadə (49 kq), Leyla Qurbanova (52 kq) və Şəbnəm Əhmədova (56 kq) təmsil edirlər.
Çempionatın üçüncü günündə Azərbaycan güləşçiləri Zelfira Ələkbərli və Şəbnəm Əhmədova bürünc medal qazanıblar. Yarışların dördüncü günündə 40 kq, 46 kq, 52 kq, 60 kq və 70 kq çəki dərəcələrində yeniyetmə qızlar yarışıblar. Azərbaycan yığması yalnız 52 kiloqram çəki dərəcəsində təmsil olunub. Güləşçimiz Leyla Qurbanova qızıl medal qazanıb.
Leyla Qurbanova bütün rəqiblərini üstələyərək finala yüksəlib. Finaladək təmsilçimiz ABŞ, Yaponiya, Polşa və Hindistan idmançılarını mübarizədən kənarlaşdırıb. Həlledici mərhələdə L.Qurbanova Rusiyadan olan rəqibini 6:0 hesablı təmiz qələbə ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib.
52 kq
1/16 final - Qreysi Fiqueroa (ABŞ) -Leyla Qurbanova 3:4
1/8 final - Sae Nanjo (JPN) -Leyla Qurbanova 4:5
1/4 final - Alcija Czyzovicz (POL) -Leyla Qurbanova 0:6
1/2 final - Reena Reena (İND) -Leyla Qurbanova 0:4 (təmiz qələbə)
FİNAL - Aleksandra Nitsenko (RUS) -Leyla Qurbanova 0:6 (təmiz qələbə)
Xatırladaq ki, Dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışıblar. İdmançılarımız bu yarışı 3 bürünc medalla başa vurublar. Medalları ölkəmizə Fail İsgəndərov (42 kq), Xancavad Məcidzadə (50 kq) və Ülvi Qənizadə (69 kq)) qazandırıb.