Beynəlxalq gənclər düşərgəsi başa çatıb

Beynəlxalq gənclər düşərgəsi başa çatıb


Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) dəstəyi ilə Qusarın Ləzə kəndində təşkil olunan marşrutqurma və bələdçilik üzrə beynəlxalq gənclər düşərgəsi işini müvəffəqiyyətlə başa vurub.
İdman qayayadırmanması sahəsində təcrübəsi olan 50-dən çox yerli və xarici idmançıya bir həftə ərzində beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən təlim keçirilib. Düşərgədə idman dırmanması marşrutlarının təşkili, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan peşəkar bələdçilik barədə məlumat verilib, nəzəri və praktik məşğələlər təşkil olunub.
Təlim müddətində, eyni zamanda, Gürcüstan, İran, Türkmənistan, Türkiyə və Azərbaycandan olan düşərgə iştirakçıları arasında təcrübə mübadiləsi aparılıb, idman dırmanması sahəsində müasir dünya praktika öyrənilib.
Tədbir çərçivəsində "Qayalarımızı qoruyaq” devizi altında birləşən gənclərin diqqəti xüsusi olaraq ətraf mühitin mühafizəsinə, dağlarımızın qorunmasına, dağçılıqda etik davranışın önəminə yönəldilib, dağ turizminin inkişafı üçün Azərbaycanın potensial imkanları ətrafında müzakirələr aparılıb. Düşərgənin işini yekunlaşdırması ilə əlaqədar Beynəlxalq Dağçılıq Federasiyasının vitse-prezidenti Piter Farkas tərəfindən iştirakçılar üçün xüsusi təqdimat keçirilib. Piter Farkas və digər xarici mütəxəssislər tədbirdə FAİREX-in təşkilatçılığını yüksək qiymətləndiriblər. Qeyd edilib ki, beynəlxalq düşərgənin Azərbaycanda təşkil edilməsi gənclərimizin dağ idman növlərinə marağının artmasına, dağ bələdçilərinin hazırlıq səviyyəsinin yüksəlməsinə və dağ ekosistemlərinə daha həssas yanaşmalarına şərait yaradacaq.
Tədbirin sonunda iştirakçılara FAİREX-in və UİAA-nın sertifikatları təqdim olunub.