Naxçıvanda yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Turnirin açılış mərasimində çıxış edən mərkəzin direktoru Ramin Talıbov və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov yarışı keçirməkdə məqsədin məktəbliləri zərərli vərdişlərdən kənarlaşdırmaq, sağlam həyat tərzinə uyğunlaşdırmaq və üzgüçülük idman növünü inkişaf etdirməkdən ibarət olduğunu qeyd ediblər.
İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 2 yaş qrupunda 30-a yaxın idmançı iştirak edib. Onlar sərbəst üsulla 25 və 50 metr məsafəyə üzməkdə qüvvələrini sınayıblar. 50 metr məsafəni 1999-cu il təvəllüdlü idmançılar arasında Turan Məmmədov, 25 metr məsafəni isə 2000-ci il təvəllüdlü idmançılar arasında Vüqar Nəsirli hamıdan tez qət edərək birinci yerə layiq görülüblər.
Hər yaş qrupunda ilk üç yeri tutan idmançılara diplom və fəxri fərmanlar təqdim olunub.