Birinci Avropa Oyunlarında medal qazanan moskvalı idmançılar mükafatlandırılacaqlar

Birinci Avropa Oyunlarında medal qazanan moskvalı idmançılar mükafatlandırılacaqlar


Moskva hökuməti Bakıda keçirilən birinci Avropa Oyunlarında medal qazanan paytaxt idmançıları, habelə onların məşqçiləri üçün birdəfəlik ödəmələr nəzərdə tutub. Müvafiq qərar Moskva hökumətinin sentyabrın 1-də keçirilən iclasında qəbul edilib.
Rusiya paytaxtı meriyasının mətbuat xidmətindən bildiriblər ki, 61 moskvalı idmançı Avropa Oyunlarının qalibi və mükafatçısı olub. Onlar 52 medal, o cümlədən 34 qızıl, 13 gümüş və 5 bürünc medal qazanıblar. Paytaxt idmançılarının Rusiya yığmasının qələbəsinə töhfəsi medalların ümumi sayının 31 faizini təşkil edib. Qərara görə, çempion adı qazanmış 46 idmançı üçün ödəmənin məbləği hərəyə 300 min rubl (1 ABŞ dolları 64,80 rubl) təşkil edir. Gümüş mükafatın sahibi olan idmançının hər birinə 150 min rubl ödəniləcək, 8 bürünc mükafatçının hər biri isə 100 min rubl alacaq. Bundan əlavə, yetirməsi birinci yeri tutan 47 məşqçinin hər birinə 150 min rubl veriləcək. Gümüş mükafat qazanan idmançıların məşqçisinin hər birinə 75 min rubl, hər bürünc mükafat üçün isə məşqçilərə 50 min rubl ödəniləcək. Ödəmələr büdcənin ehtiyat fondunun vəsaiti hesabına həyata keçiriləcək.