«Neftçi İdman Klubu»nun idman xronikası

«Neftçi İdman Klubu»nun idman xronikası

Güləş
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin dünya birinciliyinə yekun vurulub.
Yarışın son günlərində sərbəst güləşçilər mübarizə aparıblar. "Neftçi İdman Klubu”nun milli komandada təmsil olunmuş yetirmələrindən ikisi dünya birinciliyinin bürünc medallarına sahib olublar.
İlk görüşdə İsrail güləşçisi Gennadi Benoquyev üzərində qələbə qazanan Fazil Həsənov (58 kq) səkkizdəbir finalda amerikalı Yianni Diakomihalisə uduzub. Təsəlliverici görüşlərə qatılan idmançımız əvvəlcə Qırğızıstan pəhləvanı Maksat Talkambayevi, sonra isə ukraynalı Dmitri Mixnyuku məğlubiyyətə uğradıb. Bürünc medal uğrunda Rusiya güləşçisi Soslan Quçakovla üz-üzə gələn Həsənov növbəti qələbəsini qazanıb və birinciliyi 3-cü yerdə başa vurub.
Klubun digər yetirməsi Əhliman Quliyev (76 kq) ardıcıl olaraq Misir idmançısı Mahmud Ahmedi və macarıstanlı Botond Lukası məğlub edərək dörddəbir finala yüksəlib. Bu mərhələdə Rusiya güləşçisi Aslanbek Qvaramiya ilə bacarmayan Əhliman rəqibinin finala yüksəlməsi ilə təsəlliverici görüşə çıxıb. Cənubi Afrika Respublikasının təmsilçisi Marais Fredilanla qarşılaşan güləşçimiz inamlı qələbə qazanıb. Üçüncü yer uğrunda mübarizədə Əhliman Quliyev İran pəhləvanı Hamed Manafiana tam üstünlüklə qalib gəlib və dünya birinciliyinin bürünc medalına yiyələnib.
Xatırladaq ki, dünya birinciliyinin ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçilərimizdən Ülvi Qənizadə (69 kq) də bürünc medal qazanmışdı.


Boks
Boks üzrə Azərbaycan milli komandası hazırda Meksikada təlim-məşq toplanışındadır. Boksçularımız oktyabrda Qətərdə keçiriləcək dünya çempionatına hazırlaşmaq məqsədilə bu ölkəyə təşrif buyurublar. Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda komandamız tam heyətlə çıxış edəcək.
Sentyabrın 5-dək Meksikada qalması planlaşdırılan komandamızın toplanışında "Neftçi İdman Klubu”nun idmançısı Pərviz Bağırov (69 kq) da yer alıb.


Şahmat
Dünya Şahmat Federasiyası (FİDE) sentyabrın 10-da Bakıda start götürəcək dünya kuboku yarışlarının birinci dövrəsində qarşılaşacaq şahmatçıların adlarını açıqlayıb. Turnirdə şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsen və sabiq dünya çempionu, hindistanlı Vişvanatan Anand istisna olmaqla planetin bütün ən güclü şahmatçıları iştirak edəcəklər.
128 şahmatçının qatılacağı turnirdə "Neftçi İdman Klubu”nun zəka sahiblərindən Teymur Rəcəbov, Eltac Səfərli və Vasif Durarbəyli də ölkəmizi təmsil edəcəklər. Birinci dövrədə Teymur Rəcəbov Samuel Sevyan (ABŞ), Vasif Durarbəyli Le Quanq (Vyetnam), Eltac Səfərli isə Ksaba Baloq (Macarıstan) ilə qarşılaşacaqlar.
Qalib iki partiyanın yekunlarına görə müəyyən olunacaq və növbəti raunda vəsiqə qazanacaq. Yalnız finalda mübarizə aparacaq şahmatçılar 4 dəfə üz-üzə gələcəklər. Dünya Kubokunun qalibi və finalçısı 2016-cı ildə iddiaçıların turnirində iştirak etmək hüququ qazanacaq. Hər iştirakçıya 40 gediş üçün 90, oyunun qalan hissəsi üçün 30 dəqiqə, hər gediş üçün əlavə 30 saniyə vaxt ayrılacaq. İki partiya başa çatandan sonra nəticə heç-heçədirsə, onda rəqiblər vaxt nəzarəti 25+10 olmaqla iki partiya oynayacaqlar. Nəticə yenə də heç-heçə olsa iki partiya (10+10), daha sonra iki partiya (5+3) oynanılacaq. Əgər bundan sonra da üstünlük əldə olunmazsa, onda "Armageddon” deyilən həlledici partiya oynanılacaq.

Taekvondo
Polşanın paytaxtı Varşavada keçirilən ənənəvi "Polish Open” turnir başa çatıb.
G1 kateqoriyalı beynəlxalq turnirdə Azərbaycanın gənclərdən və böyüklərdən ibarət yığma komandaları iştirak ediblər. Milli komandamız 5, gənclərdən ibarət yığmamız isə 20 taekvondoçu ilə yarışda təmsil olunub. Böyüklərdən ibarət millimiz 3, gənclərimiz isə 13 medala yiyələniblər.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə "Neftçi İdman Klubu”nun yetirmələrindən Səid Quliyev (74 kq) böyüklərin yarışında bürünc medala layiq görülüb. Gənclər arasında keçirilən yarışlarda isə idmançımız Əliəsgər Əliyev (68 kq) eyni uğuru təkrarlayıb.


Kikboksinq
İspaniyanın San-Sebastian şəhərində kikboksinqin WAKO versiyası üzrə gənclər və yeniyetmələr arasında kikboksinq üzrə Avropa birinciliyi başa çatıb. Yarışda qitənin ən güclü gənc kikboksçuları ilə yanaşı, Azərbaycan milli komandası da mübarizə aparıb. Avropa birinciliyində millimizin heyətində "Neftçi İdman Klubu”nun 10 üzvü - Zəlimxan Süleymanov, Zayal Əliyev, Çingiz Əhmədzadə, Qiyas Şahmərdanov, Nəcməddin Məmmədzadə, Kamran Bayramov, Məqsəd Hacıyev, Elvin Məhərrəmov, Rauf Gərayzadə və Elmir Süleymanov yer alıb. Azərbaycan idmançıları nəticədə 8 medal qazanaraq mötəbər yarışı uğurla başa vurublar. Sevindirici haldır ki, bu medallardan 6-nı "Neftçi İdman Klubu”nun yetirmələri qazanıb. 51 kq çəki dərəcəsində yarışan Çingiz Əhmədzadə (loukik) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Elmir Süleymanov (75 kq, ful kontakt) yalnız finalda uduzaraq gümüş medal qazanıb. "Neftçi İdman Klubu”nun daha 4 kikboksçusu - Nəcməddin Məmmədzadə (51 kq, k-1), Elvin Süleymanov (71 kq, ful kontakt), Qiyas Şahmərdanov (54 kq, loukik) və Kamran Bayramov (60 kq, ful kontakt) Avropa birinciliyini 3-cü yerdə başa vurublar. Beləliklə, baş məşqçi Ehram Məcidovun yetirmələri bu il "Neftçi İdman Klubu”na respublika kubokunu qazandırdıqdan sonra, Avropa birinciliyini də zəfərlə başa vurublar.

Uşu-sanda
Balakən Olimpiya İdman Kompleksində yeniyetmələr arasında uşu-sanda üzrə Azərbaycan Birinciliyi keçirilib. Yarışda respublikanın 20 şəhər və rayonundan 165 idmançı qalib adı uğrunda mübarizəyə qoşulub.
"Neftçi İdman Klubu”nun təmsilçilərindən Natiq Əlili (21 kq), Amin Əlili (24 kq) və Hamza Rəsulzadə (27 kq) uşu-sanda və muay-tay yarışlarının hər ikisində çempion adını qazanıblar. Uşu-sanda yarışında daha iki idmançımız nailiyyət qazanıb. Onlardan Əli Məmmədov (36 kq) qızıl, Vüqar Ramazanov (33 kq) isə gümüş medala sahib olub.

"Neftçi İdman Klubu” İctimai
Birliyinin mətbuat xidməti