Sentyabrın 7-də Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatına start verilib.
Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparırlar. Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında ölkəmizi Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.
Dünya çempionatının ilk yarış günündə 66 kq, 75 kq və 98 kq çəki dərəcələrində güləşçilər mübarizəyə qoşulacaqlar. Püşkatmanın nəticələrinə əsasən, güləşçilərimizin ilk rəqibləri bəlli olub.
66 kq
1/32 final - Artyom Surkov (Rusiya) - Həsən Əliyev
75 kq
1/32 final - Elvin Mürsəliyev - Juan Angel Escobar (Meksika)
98 kq
1/32 final - Orxan Nuriyev - Laokvatis Kessidis (Almaniya)
Final qarşılaşmalarına Bakı vaxtı ilə 8 sentyabr saat 06:30-da start veriləcək və "İdman Azərbaycan” televiziya kanalı ilə birbaşa yayımlanacaq. Məlumat üçün bildirək ki, ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək dünya çempionatında Rio-2016 Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59 kq, 66 kq, 75 kq, 85 kq, 98 kq və 130 kq, qadın güləşi üzrə 48 kq, 53 kq, 58 kq, 63 kq, 69 kq və 75 kq, sərbəst güləş üzrə isə, 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar olimpiadaya birbaşa vəsiqə əldə edəcəklər.