İlk yarış günündə qaliblər bəlli olub

İlk yarış günündə qaliblər bəlli olub



ABŞ-ın Las-Veqas şəhərində güləş üzrə dünya çempionatı keçirilir.
Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparırlar. Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında ölkəmizi Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edirlər.
Yarışların ilk günündə 66 kq, 75 kq və 98 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
75 kq-da mübarizə aparan Elvin Mürsəliyev əvvəlcə Juan Angel Escobar (Meksika), ardınca, Jure Kuhar (Slovakiya), İlie Cojocari (Rumıniya) üzərində qələbə qazanıb. 1/4 finalda güləşçimiz Qırğızıstandan Atabek Azizbekov üzərində inamlı qələbə qazanmaqla yarımfinala yüksəlib. Bu qələbə həm də ölkəmizə 75 kq çəki dərəcəsində Olimpiya lisenziyası qazandırıb. Yarımfinalda idmançımız Rusiya təmsilçisi Roman Vlasova məğlub olsa da, bürünc medal uğrunda həlledici görüşə çıxıb. İdmançımızın son rəqibi qazaxstanlı Dostjan Kartikov olub. Görüş rəqibin 1:0 üstünlüyü ilə tamamlanıb və Elvin Mürsəliyev dünya çempionatını 5-ci sırada bitirib.
Məlumat üçün bildirək ki, Las-Veqasda keçirilən dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.

66 kq
1/32 final - Artyom Surkov (RUS) - Həsən Əliyev 2:0

75 kq
1/32 final - Elvin Mürsəliyev - Juan Angel Escobar (MEX) 3:2
1/16 final - Jure Kuhar (SLO) - Elvin Mürsəliyev 2:3
1/8 final - İlie Cojocari (ROU) - Elvin Mürsəliyev 1:5
1/4 final - Atabek Azizbekov (KGZ) - Elvin Mürsəliyev 0:8
1/2 final - Elvin Mürsəliyev - Roman Vlasov (RUS) 0:6
Bürünc medal görüşü - Dostjan Kartikov (KAZ) - Elvin Mürsəliyev 1:0

98 kq
1/32 final - Orxan Nuriyev - Laokvatis Kessidis (GRE) 2:7