Rəsul Çunayev dünya çempionu oldu

Rəsul Çunayev dünya çempionu oldu



Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində  Rio-de Janeyro-2016 XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziya verən güləş üzrə dünya çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından (AGF) olimpnews.az-a verilən məlumata görə, ilk iki yarış gününün yekunlarına əsasən, güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Rio-2016 Olimpiya Oyunlarına vəsiqə əldə edib. İdmançımız Rəsul Çunayev isə dünya çempionu tituluna layiq görülüb. Lakin Bakı-2015 Avropa Oyunlarının qalibinin çəkisi olimpiadaya düşmədiyindən lisenziya qazanmayıb.
Xatırladaq ki, 71 kq çəkidə mübarizə aparan Rəsul Çunayev keçən dünya çempionatını bürünc medalla başa vurmuşdu. Bu dünya çempionatında isə güləşçimiz finala qədər yüksələ bilib. İlk olaraq Monakdon Frank Hassli üzərində qələbə qazanan Rəsul, ardınca Rusiya təmsilçisi Adam Kuraka heç bir şans verməyib. Yerli azarkeşlərin güclü dəstəyinə rəğmən ABŞ təmsilçisi Justin Daşaun Lesteri də tam üstünlüklə məğlub edən Rəsul yarımfinala yüksəlib. Finalın bir addımlığında Belarus güləşçisi Tsimur Berdiyevi də tam üstünlüklə məğlub edən Rəsul Çunayev adını finala yazdırıb. Finalda güləşçimiz Ukrayna təmsilçisi Armen Vardanyana qalib gələrək Dünya çempionatının qızıl medalına sahib olub.