ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya çempionatının ikinci yarış günündə Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bunlar Rövşən Bayramovla Sabah Şəriətidir.
59 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya Oyunlarının ikiqat gümüş medalçısı və dünya çempionu Rövşən Bayramov inamla güləşərək finala yüksəlib. Final yolunda güləşçimiz Hindistanlı Singh Ravinder üzərində asan, Şimali Koreyadan Von Çol Yun üzərində çətin qələbə qazanıb. 1/4 finalda London Yay Olimpiya Oyunlarının final görüşündə məğlub olduğu Hamid Mohammad Soryanla qarşılaşan Rövşən Bayramov vaxtından əvvəl görüşü qələbə ilə başa vurub. Buna səbəb, həm də İranlı güləşçinin görüş zamanı qaydalara zidd olaraq rəqibinə başla ardıcıl zərbələr endirməsi olub. Hakimlərin yekdil qərarı isə, Rövşən Bayramovu yarımfinala yüksəldib. Bu qələbə ilə güləşçimiz 2016-cı il Rio Olimpiadasına vəsiqəni də təmin edib. Yarımfinalda Rövşən Qırğızıstanlı Arsen Yeraliyevi mübarizədən kənarlaşdıraraq karyerasında üçüncü dəfə Dünya çempionatının finalına yüksəlib. Finalda güləşçimiz Kubalı rəqibi İsmael Borrero Molinaya uduzub və Dünya çempionatının gümüş medalına sahib olub.
2016-cı il Rio Olimpiadasına daha bir vəsiqəni 130 kq çəkidə mübarizə aparan Sabah Şəriəti qazandırıb. İlk görüşündə Macarıstandan Balint Lam üzərində qələbə qazanan Sabah, 1/4 finalda Venesueladan Ervin Jose Caraballo Cabreranı mübarizədən kənarlaşdırıb. Yarımfinala yüksələn güləşçimiz həm də Rio Olimpiadasına 3-cü vəsiqəni əldə edib. Yarımfinalda Türkiyə təmsilçisi Rıza Kayaalpa məğlub olan Sabah Şəriəti bürünc medal şansını saxlayıb. Ancaq həlledici görüşdə Ukrayna Oleksandr Çernetskiyə məğlub olan güləşçimiz Dünya çempionatını beşinci sırada tamamlayıb.