Rio-2016 Olimpiadasına vəsiqə qazanan güləşçilərin sayı artır

Rio-2016 Olimpiadasına vəsiqə qazanan güləşçilərin sayı artır
 


Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində Rio-de Janeyro-2016 XXXI Yay Olimpiya Oyunlarına lisenziya verən güləş üzrə dünya çempionatı davam edir.
Yunan-Roma güləşçilərimiz Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq), Saman Təhmasibi (85 kq), eləcə də qadın təmsilçilərimiz Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.
Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) dünya çempionatının qızıl medalına sahib olub. Rövşən Bayramov və Mariya Stadnik yarışı gümüş, Saman Təhmasibi isə bürünc medalla başa vurub. Elvin Mürsəliyev, Sabah Şəriəti və Anjela Doroqan isə 5-ci olublar.
75 kq-da mübarizə aparan Elvin Mürsəliyev ilk olaraq Juan Anxel Eskobar (Meksika), ardınca, Jure Kuhar (Slovakiya), İlie Cojocari (Rumıniya) üzərində qələbə qazanıb. 1/4 finalda güləşçimiz Qırğızıstandan Atabek Azizbekov üzərində inamlı qələbə qazanmaqla yarımfinala yüksəlib. Bu qələbə həm də ölkəmizə 75 kq çəki dərəcəsində Olimpiya lisenziyası qazandırıb. Yarımfinalda idmançımız Rusiya təmsilçisi Roman Vlasova məğlub olsa da, bürünc medal uğrunda həlledici görüşə çıxıb. Son rəqib Qazaxstanlı Dostjan Kartikov olub. Görüş rəqibin 1:0 üstünlüyü ilə tamamlanıb və Elvin Mürsəliyev dünya çempionatını 5-ci sırada bitirib.
Çempionatda 59 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya Oyunlarının ikiqat gümüş medalçısı və dünya çempionu Rövşən Bayramov inamla güləşərək finala yüksəlib. Final yolunda güləşçimiz hindistanlı Sinf Ravinder üzərində asan, Şimali Koreyadan olan Von Çol Yun üzərində çətin qələbə qazanıb. 1/4 finalda London Yay Olimpiya Oyunlarının final görüşündə məğlub olduğu Hamid Mohammad Soryanla qarşılaşan Rövşən Bayramov vaxtından əvvəl görüşü qələbə ilə başa vurub. Buna səbəb, həm də İranlı güləşçinin görüş zamanı qaydalara zidd olaraq rəqibinə başla ardıcıl zərbələr endirməsi olub. Hakimlərin yekdil qərarı idmançımızı yarımfinala yüksəldib. Bu qələbə ilə güləşçimiz Rio-2016 Olimpiadasına vəsiqəni də təmin edib. Yarımfinalda Rövşən Qırğızıstan təmsilçisi Arsen Yeraliyevi mübarizədən kənarlaşdıraraq karyerasında üçüncü dəfə dünya çempionatının finalına yüksəlib. Finalda güləşçimiz kubalı rəqibi İsmael Borrero Molinaya uduzub və dünya çempionatının gümüş medalına sahib olub.
Yunan-Roma güləşi üzrə 85 kq çəki dərəcəsində mübarizə aparan Saman Təhmasibi Brandao Sat (Braziliya), Hristo Diyanov Marinov (Bolqarıstan), 1/4 finalda isə Rusiya təmsilçisi Davit Çakvetadze üzərində qələbə qazanaraq yarımfinala yüksəlib və Olimpiya Oyunlarına vəsiqə qazanıb. Yarımfinalda güləşçimiz Ukrayna təmsilçisi Jan Belenyuka məğlub olduğundan bürünc medal uğrunda görüşə çıxıb. Macar Viktor Lorinczə qalib gələn Saman Təhmasibi dünya çempionatının bürünc medalına sahib olub.
Rio-2016 Olimpiadasına daha bir vəsiqəni 130 kq çəkidə mübarizə aparan Sabah Şəriəti qazandırıb. İlk görüşündə Macarıstandan olan Balint Lam üzərində qələbə qazanan idmançımız 1/4 finalda Ervin Jose Caraballo Cabreranı (Venesuela) mübarizədən kənarlaşdırıb. Yarımfinala yüksələn güləşçimiz, həm də olimpiadaya vəsiqəni təmin edib. Yarımfinalda Türkiyə təmsilçisi Rıza Kayaalpa məğlub olan Sabah Şəriəti bürünc medal uğrunda ukraynalı Aleksandr Çernetski ilə görüşüb. Lakin görüşdə məğlub olan güləşçimiz dünya çempionatını beşinci sırada tamamlayıb.
Qadın güləşçilərin yarışında 48 kq-da təmsilçimiz Mariya Stadnik finala qədər inamlı güləş nümayiş etdirib. Ardıcıl olaraq Hollandiyadan Jessica Blazka, Perudan Talia Jihan Malqui Peçe, Qazaxstan təmsilçisi Tatyana Amanjol-Bakatyuk üzərində qələbə qazanıb və olimpiadaya vəsiqə qazanıb. Yarımfinalda Çinli Hui Li üzərində təmiz qələbə qazanan Mariya Stadnik finala yüksəlib. Finalda güləşçimiz Yaponiya təmsilçisi Eri Tosaka ilə qarşılaşıb. Görüşün sonuna qədər hesabda öndə olan Mariya son saniyələrdə qələbəni əldən verib və dünya çempionatının gümüş medalına sahib olub.
53 kq çəkidə mübarizə aparan Avropa Oyunlarının qalibi Anjela Doroqan uğurlu startı ilə yadda qalıb. İlk olaraq, Lenka Hoçkova Martinova (Çexiya), ardınca portuqaliyalı Qomez Querreyro ilə görüşdən qalib ayrılsa da, güləşçimiz 1/4 finalda 3 qat Olimpiya və 11 qat dünya çempionu Saori Yoşida ilə görüşdə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Anjela Doroqan Viyetnamdan olan rəqibini üstələyib. Rio-2016-ya vəsiqə qazanan güləşçimiz bürünc medal uğrunda döyüşə çıxıb. Medal uğrunda son görüşdə güləşçimiz Cənubi Koreya güləşçisi M.Jonga məğlub olub və dünya çempionatını beşinci sırada tamamlayıb.
Məlumat üçün bildirək ki, ABŞ-ın Las- Veqas şəhərində keçirilən dünya çempionatında Rio-2016 Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə 59 kq, 66 kq, 75 kq, 85 kq, 98 kqvə 130 kq, qadın güləşi üzrə 48 kq, 53 kq, 58 kq, 63 kq, 69 kq və 75 kq, sərbəst güləş üzrə isə 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar olimpiadaya birbaşa vəsiqə əldə edirlər.