Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatında uğurla çıxış edən sərbəst güləş üzrə Azərbaycan yığma komandası vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri, idmançıların qohumları, azarkeşlər və KIV nümayəndələri qarşılayıblar.
Dünya çempionatında sərbəst güləşçilərdən 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl, 125 kq-da Cəmaləddin Məhəmmov gümüş, 97 kq-da isə Xetaq Qazyumov bürünc medala sahib olub. Hacı Əliyev bu yarışda həm də dünya çempionatlarında iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan ilk Azərbaycan pəhləvanı kimi tarixə düşüb.
AGF-nin baş katibi Əjdər Cəfərov hər üç yığma komandamızın dünya çempionatında yüksək səviyyədə iştirak etdiyini qeyd edərək deyib: "Yarış hazırlıqlarına bir neçə ay əvvəldən başlamışdıq. Komandalarımız yüksək əzmkarlıq nümayiş etdirdilər. Hər üç növdə Olimpiya Oyunlarına yetərincə lisenziya qazana bildik. Çempionatda qızıl medal qazanan Hacı Əliyev adını Azərbaycan güləş tarixinə qızıl hərflərlə yazdı. O, sərbəst güləş tarixində ilk dəfə olaraq ikiqat dünya çempionu oldu. İki il ardıcıl dünya çempionu adını qazanmaq hər idmançıya qismət olmur. Bütün bu uğurlarımız təsadüfi deyil. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev daim idmana, həmçinin güləşə böyük diqqət ayırır. İdmançılarımız da bu qayğı sayəsində beynəlxalq arenalarda müvəffəqiyyətlə çıxış edirlər. Ümumilikdə komandalarımızın çıxışları qənaətbəxşdir. Güləşçilərimiz dünya çempionatında 8 medal və Olimpiya Oyunlarına 11 lisenziya qazanıblar”.
Baş katibin sözlərinə görə 65 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərova qarşı hakimlər tərəfindən haqsızlıq edilib. "Dünya çempionatında 69 ölkədən hakim təyinat almışdı. Onların bəzilərinin qeyri-obyektiv qərarları daha çox medal qazanmağımıza mane oldu. 65 kq-da mübarizə aparan Toğrul Əsgərov 1/4 finalda italiyalı rəqibi üzərində qələbə qazanmışdı. Amma hakimlər Olimpiya çempionumuza qarşı ədalətsizlik etdilər. Bu idmandır, belə hallar olur. Las-Veqasda nümayəndə heyətimizin rəhbəri, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev dərhal müdaxilə etdi və Dünya Güləş Birliyinə şikayət məktubu ünvanlandı. Bundan sonra orada xüsusi komitə yaradıldı və həqiqətən də həmin görüşdə hakimlərin kobud səhvə yol verdiyi üzə çıxdı. Düzdür, bu görüşün nəticəsinə təsir etməsə də, həmin hakimlərin cəzalandırılması ilə nəticələndi və yəqin ki, həmin hakimlərin gələcəkdə Olimpiya Oyunlarında iştirakına qadağa qoyulacaq”.
Sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Firdovsi Umudov güləşçilərimizin dünya çempionatında uğurlu çıxışları ilə bağlı Azərbaycan xalqını təbrik edib. Böyük məşqçi deyib ki, qazandığımız nəticə böyükdür. "Bütün idmansevərlərimizi, Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Dünya çempionatında 11 lisenziya qazandıq. Onların sayını maksimuma çatdırmaq üçün qarşıda daha 3 turnir var. Yaxşı hazırlaşmalıyıq. Lisenziya qazandığımız çəkilərdə boşluqlara yol verilməməlidir. Hamı öz üzərində işləməlidir. Çünki 2016-cı ildə bizi Rio Olimpiadası gözləyir. Orada dəfələrlə bayrağımızı yüksəldib, himnimizi səsləndirməliyik”.
İkiqat dünya çempionu Hacı Əliyev də sevincini idman ictimaiyyəti ilə bölüşüb: "İkiqat dünya çempionu olmaq böyük sevincdir. Azərbaycan güləş tarixində ilkə imza atdığıma görə çox şadam. Çalışacağam ki, rəhbərliyin bizə göstədiyi etimadı doğruldaraq gələcəkdə üçqat, dördqat dünya çempionu olum. AGF rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Məşqçilərimə də təşəkkür edirəm. Avropa və dünya çempionu titulunu qazanmışam. Arzum Olimpiya çempionu olmaqdır”.
Xatırladaq ki, dünya çempionatında yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) Olimpiya Oyunlarına vəsiqə əldə ediblər. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) bürünc, sərbəst güləşçilərdən Hacı Əliyev (61 kq) qızıl, Cəmaləddin Məhəmmədov (125 kq) gümüş, Xetaq Qazyumov (97 kq) bürünc medala yiyələniblər.