İkiqat dünya çempionu Hacı Əliyev tarix yazdı

İkiqat dünya çempionu Hacı Əliyev tarix yazdı



Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziya verən güləş üzrə dünya çempionatı idman tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanı bu yarışlarda təmsil edən sərbəst güləşçimiz Hacı Əliyev (61 kq) dünya çempionatında iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan ilk Azərbaycan pəhləvanı kimi tarixə düşdü.
İkiqat dünya çempionu Hacı Əliyev öz uğuru ilə bağlı sevincini belə bölüşüb: "İkiqat dünya çempionu olmaq böyük sevincdir. Azərbaycan güləş tarixində ilkə imza atdığıma görə çox şadam. Çalışacağam ki, rəhbərliyin bizə göstədiyi etimadı doğruldaraq gələcəkdə üçqat, dördqat dünya çempionu olum. AGF rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Məşqçilərimə də təşəkkür edirəm. Avropa və dünya çempionu titulunu qazanmışam. Arzum Olimpiya çempionu olmaqdır”.
Xatırladaq ki, dünya çempionatında yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) Olimpiya Oyunlarına vəsiqə əldə ediblər. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) bürünc, sərbəst güləşçilərdən Hacı Əliyev (61 kq) qızıl, Cəmaləddin Məhəmmədov (125 kq) gümüş, Xetaq Qazyumov (97 kq) bürünc medala yiyələniblər.