“Neftçi İdman Klubu” jurnalı işıq üzü görüb

“Neftçi İdman Klubu” jurnalı işıq üzü görüb

"Neftçi İdman Klubu”nun ilk Avropa Oyunlarına həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb. Jurnalın yaranma ideyası "Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqova məxsusdur.
Klubun idmançılarının beynəlxalq arenalarda, xüsusilə də Bakı-2015 ilk Avropa Oyunlarında qazandıqları böyük uğurlardan bəhs edən jurnal nəfis tərtibatı ilə diqqəti cəlb edir. Nəşrin "Azərbaycan - idman ölkəsi” bölümündə respublikamız müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü idman siyasətinin onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və bunun sayəsində ölkəmizdə idmanın sürətlə inkişafından bəhs edilir.
"Birinci Avropa Oyunları ölkəmizi bütün dünyaya tanıtdı” sərlövhəli yazıda aparılan düzgün idman siyasəti nəticəsində Azərbaycanın bir çox beynəlxalq tədbirlərə layiqincə ev sahibliyi sayəsində yüksək qurumların etimadını qazanmasından və təbii olaraq ilk Avropa Oyunlarının təşkilinin Bakıya həvalə edilmısindən söhbət açılır. Bakı-2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın Oyunların yüksək səviyyədə təşkili və keçirilməsi üçün bütün gücünü ortaya qoyması və nəticənin ürəkaçan, qənaətbəxş olması haqda fikirlər jurnalın səhifələrində yer alır.
Avropa Oyunlarının açılış və bağlanış mərasimlərini əhatə edən bölmələrdə 68 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionunda öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkən heyrətamiz mənzərədən bəhs olunur. Orijinallığı ilə tamaşaçıları vəcdə gətirən bu mərasimlərlə Azərbaycanın Avropa Oyunlarının ilk parlaq səhifəsini yazdığı xüsusi vurğulanır.
""Neftçi İdman Klubu”nun idmançıları Avropa Oyunlarını uğurla başa vurdular” bölməsində atletlərimizin bu oyunlardakı möhtəşəm çıxışlarından söz açılır. Klubun yetirmələrinin yarışlarda rekord sayda - 79 idmançı ilə çıxış etməsi və 6-sı qızıl, 5-i gümüş, 5-i isə bürünc olmaqla 16 medala sahib olması əsas müzakirə mövzusudur. Jurnalda klubun Avropa Oyunlarının qalibi olan təmsilçilərindən Rəsul Çunayev və İlham Zəkiyevlə müsahibələr yer alıb. "Möhtəşəm azarkeşlər” mövzusunda yazıda oxucuların böyük marağına səbəb olacaq.
""Neftçi İdman Klubu”nun idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı” başlıqlı yazıda şirkət prezidenti Rövnəq Abdullayevin idmançılarımızla görüşü, klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov tərəfindən idmançıların ilk Avropa Oyunlarındakı çıxışlarını əks etdirən videoyazı və Oyunların xatirə hədiyyələrinin Rövnəq Abdullayevə təqdim edilməsi ilə bağlı maraqlı məqamlar öz əksini tapıb.
"Klubumuz Avropa Oyunlarında tarix yazdı”, "”Neftçi İdman Klubu” - lider idman cəmiyyəti” sərlövhəli yazılarda idmançılarımızın Avropa Oyunlarında, eləcə də son illər ərzində beynəlxalq arenalarda qazandıqları böyük uğurlardan geniş söhbət açılır.
"Avropa Oyunları dünya mediasında” bölümündə dünyanın nüfuzlu media vasitələrinin birinci Avropa Oyunlarına geniş yer ayırmasından, xüsusilə açılış və bağlanış mərasimlərində bütün dünyanın diqqətini Azərbaycana yönəltməsindən, Oyunlar haqda xəbərlərin xarici KİV-lərin baş xəbərlərinə çevrilməsindən bəhs olunur. Bakı-2015 ilk Avropa Oyunlarının dünyanın kütləvi informasiya vasitələrində çox böyük əks-səda doğurması diqqətə çatdırılır.