Səmti müəyyənetmə idman növü üzrə çempionata yekun vurulub

Səmti müəyyənetmə idman növü üzrə çempionata yekun vurulub


Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun təşkilatçılığı ilə Qəbələ rayonunda keçirilən səmti müəyyənetmə idman növü üzrə Fövqəladə Hallar Nazirliyinin III qapalı çempionatı başa çatıb. Rayondakı meşə massivində keçirilən yarışın bağlanış mərasimində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev çıxış edərək, FHN-in qurumları arasında keçirilən yarışda 23 komandada, 100-dən çox idmançının iştirak etdiyini bildirib. Füzuli Musayev yarışın yüksək səviyyədə təşkil olunduğunu, FHN əməkdaşlarının və komanda üzvlərinin qalması və qidalanması üçün meşədə lazımı şəraiti olan çadrların qurulduğunu qeyd edib.
Üç gün davam edən yarışda komanda birinciliyi ilə yanaşı, iştirakçılar şəxsi birincilik üzrə də bacarıqlarını nümayiş etdiriblər. Komanda və şəxsi yarışlar iki mərhələdə - qısa və uzun məsafədə keçirilib. Yarışın ilk günündə iştirakçılar kompas və xəritədən istifadə etməklə 3-4 kilometr məsafədə yerləşən 6 nəzarət məntəqəsini hamıdan tez taparaq, finiş xəttinə birinci çatmaq uğrunda mübarizə aparıblar. Yarışda hər bir idmançıya iki saat vaxt verilib. Həmin vaxtda nəzarət məntəqəsini tapıb geri qayıda bilməyən iştirakçı yarışdan kənarlaşdırılıblar.
Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.