Oktyabrın 2-3-də Milli Gimnastika Arenasında kişilər və qadınlar arasında idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyi keçiriləcək.
Kişilər arasında idman gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq” İdman Klubu, Respublika Olimpiya İdman Liseyinin gimnastları, həmçinin Sumqayıt və Balakən təmsilçiləri iştirak edəcəklər. Yarışlarda 4 yaş qrupu üzrə iştirakçılar arasında çoxnövçülük üzrə qaliblər müəyyən olunacaq.
Qadın idman gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq” İdman Klubu və "Neftçı” klublarının təmsilçiləri qüvvələrini sınayacaqlar. Yarışların reqlamentinə əsasən gimnastlar 2 yaş qrupunda mübarizə aparacaqlar.
İki gün ərzində keçiriləcək yarışlarda tamaşaçıları Bakı-2015 Avropa Oyunlarının beş qat mükafatçısı, Avropa Oyunlarının çempionu Oleq Stepko, Avropa Oyunlarının komanda hesabında bürünc mükafatçısı Petro Paxnyuk və eləcə də Oyunların iştirakçıları Marina Nekrasova və Yuliya İnşina, o cümlədən Mariya Smirnovanın valehedici çıxışları gözləyir.
22-ci Bakı çempionatı və birinciliyi böyük gimnastlar üçün 23 oktyabr – 1 noyabr tarixlərində Qlazqoda (Böyük Britaniya) keçiriləcək dünya çempionatından əvvəl təşkil edilən sonuncu yarışdır. Bu yarış idmançılarımızın ilin əsas yarışında nümayiş etdirəcəkləri təkmilləşdirilmiş proqramı izləməyə imkan verəcək.