«Neftçi İdman Klubu»nun idman xronikası

«Neftçi İdman Klubu»nun idman xronikası

Qılıncoynatma
Qılıncoynatma Federasiyasının zalında təşkil olunan Azərbaycan çempionatı başa çatıb. Sablyaçı qadınların yarışında bütün medallara "Neftçi İdman Klubu”nun təmsilçiləri yiyələniblər. Finalda Səbinə Mikina Bakı-2015 Avropa Oyunlarının gümüş mükafatçısı Sevil Bünyatovanı 15:14 hesabı ilə məğlub edib. Bürünc medalları isə klubun digər yetirmələri Sevinc Bünyatova ilə Nərminə Cəfərova əldə ediblər. Kişilər arasında Azər Tağıyev çempionluq sevinci yaşayıb. Cavanşir Ağakişiyev və Yusif Budaqov isə yarışı 3-cü yerdə başa vurublar. Klubun qılıncoynadanları kişilər və qadınlar arasında şpaqa növündə finala çıxıblar. Kişilərin mübarizəsində Nəcəf Məhərrəmov Kənan Əliyev üzərində qələbə qazanıb - 15:14. Bürünc medallara isə Vəkil Nəsirov və Etibar Namazov sahib çıxıblar. Qadınlar arasında Elmira Xudaverdiyeva və Samirə Hüseynova, müvafiq olaraq, ilk iki pillədə qərarlaşıblar.

Dama
Respublika Şahmat Mərkəzində keçirilən 64 xanalı dama üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
"Neftçi İdman Klubu”nun yetirmələri, idman ustalığına namizədlər Leyli Sadıxlı və Ülkər Babanlı yarışda uğurla çıxış edərək 7 oyundan hərəyə 12 xal toplayıblar. Çempionatın reqlamentinə əsasən, onların arasında dörd oyunluq matç keçirilib. Bu seriyada dalbadal iki dəfə qələbə qazanan (həm ağ, həm də qara daşlarla) Ülkər Babanlı qadınlar arasında Azərbaycan çempionu adını qazanıb.
Xatırladaq ki, keçən il qadınlar arasında respublika çempionatını 2-ci yerdə başa vurmuş Ülkər Babanlı 2014-cü ildə 10 yaşına qədər qızlar arasında Avropa çempionu tituluna layiq görülüb və bu il Bolqarıstanın Kranevo şəhərində keçirilən dünya birinciliyində bürünc medala sahib olub.


Ağırlıqqaldırma
Finlandiyanın Rovaniemi şəhərində veteran atletlər arasında dünya çempionatı keçirilib. Yarışda 58 ölkədən 500 idmançı qalib adı uğrunda mübarizə aparıb.
"Neftçi İdman Klubu”nun təmsilçisi Vaqif Müsadiq (77 kq) 60-64 yaş qrupunda birdənqaldırmada 88 kq, təkanla qaldırmada isə 108 kq nəticə göstərərək dünya çempionu olub. Bu qələbə ilə idmançımız ilkə imza atıb. Belə ki, klubun təmsilçisi Azərbaycan ağır atletika idmanı tarixində veteranlar arasında 60 yaşlı ilk dünya çempionu olub.
Qeyd edək ki, Vaqif Müsadiq artıq 45 ildir ki, "Neftçi İdman Klubu”nda fəaliyyət göstərir.

Paralimpiya
Türkiyənin Samsun şəhərində paralimpiyaçılar arasında keçirilən taekvondo üzrə altıncı dünya çempionatı başa çatıb. Çempionata 10 idmançı ilə qatılan milli komandamız 8 medala yiyələnib.
Fərəhli haldır ki, böyük uğura imza atan komandamızın tərkibi bütünlüklə "Neftçi İdman Klubu”nun paralimpiyaçılarından təşkil olunub. İdmançılarımızdan Nicat Müslümov (75 kq), Aleksandr Polişşuk (+75 kq), qadınlar arasında isə Aynur Məmmədova (58 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu adını qazanıblar. Yalnız final görüşündə qələbəni əldən verən Xəzər Mirzəyev (75 kq) gümüş medala layiq görülüb. Digər parataekvondoçularımız Namiq Abbasov (61 kq), Əbülfəz Abuzərli (75 kq), Vüqar Adışirinov (+75 kq) və Röyalə Fətəliyeva (49 kq) isə çempionatı 3-cü yerdə başa vurublar.
Qeyd edək ki, millimiz 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmaqla komanda hesabında kişilər arasında Rusiya millisindən sonra 2-ci, qadınlar arasında isə Rusiya və Türkiyə yığmasından sonra 3-cü pillədə qərarlaşıb.

"Neftçi İdman Klubu” İctimai Birliyinin
mətbuat xidməti