Ölkəmizdə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının konqres və Assambleyası keçiriləcək

Ölkəmizdə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının konqres və Assambleyası keçiriləcək


Oktyabrın 7-11-də ölkəmizdə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının (BƏOH) birgə konqresi, Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 21-ci Baş Assambleyası keçiriləcək. Bu barədə qərar ötən il Avropa təşkilatının Latviyanın paytaxtı Riqada keçirilən 20-ci konqres və Assambleyasında qəbul olunub. Xatırladaq ki, bu il paytaxtımızda Azərbaycan Ədalətli Oyunlar Komissiyası (AzƏOK), eləcə də BƏOH və AƏOH rəsmilərinin iştirakı ilə konqres və Assambleyaya hazırlıqla bağlı iclas keçirilmişdi. Tədbirdə BƏOH prezidenti Jeno Kamuti, AƏOH prezidenti Kristian Hintirberger, qurumun vitse-prezidenti Ərdoğan Arıpınar, baş katibi İoannis Psilopoulos, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AzƏOK-un sədri Xəzər İsayev iştirak etmişdilər. İclasda ölkəmizdə keçiriləcək konqres və Assambleyanın gündəliyi müəyyənləşmiş, təşkilatçılıqla bağlı bir sıra müzakirələr aparılımışdı. Konqres və Assambleyanın Azərbaycanda təşkil olunması ilə bağlı Avropa və beynəlxalq Ədalətli Oyunlar Hərəkatı rəhbərləri və Gənclər və İdman naziri Azad Rəhimov arasında müqavilələr imzalanmışdı. Qeyd edək ki, Konqres və Assambleyanın Təşkilat Komitəsinin sədri Gənclər və İdman naziri Azad Rəhimov, sədr müavini Xəzər İsayevdir. AzƏOK-un sədri Xəzər İsayev konqres və Assambleya ilə bağlı "Olimpiya dünyası” qəzetinə ətraflı məlumat verdi. O qeyd etdi ki, ölkəmizdə keçiriləcək konqres və Assambleya ilk dəfə olaraq həm Avropa, həm də Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının birgə təşkilatçılığı ilə baş tutacaq. "Sevindirici haldır ki, iki təşkilatın birgə tədbiri ilk dəfə Azərbaycanda keçiriləcək. Ötən il Latviyanın paytaxtı Riqa şəhərində keçirilən Avropa Ədalətli Oyunlar Hərəkatının konqres və Assambleyasında Avropa Ədalətli Oyunlar Hərəkatının bayrağı AzƏOK-a təhvil verildi. Ölkəmizdə təşkil olunacaq konqres və Assambleyada Avropadan 25, dünyadan 10 ölkə iştirak edəcək. Qeyd edim ki, hazırda AƏOH-a 42 ölkə üzvdür. Məlumat üçün bildirim ki, 2009-cu ildə ölkəmizdə ilk dəfə AƏOH-un konqres və Assambleyası keçirilmişdi. Tədbirdə 26-27 dövlət iştirak etmişdi. 4 sesiyadan ibarət olacaq konqres və Assambleyanın gündəliyinə bir əsas mövzu daxildir. Bundan başqa, yardımçı mövzu ətrafında da çıxışlar dinləniləcək. Hər bir mövzu ətrafında 1 beynəlxalq və 1 yerli mütəxəssisin çıxışları dinləniləcək. May ayında ölkəmizdə keçirilən iclasda konqresin ilk işi ilə bağlı müzakirələr aparılmış, sessiyalar haqqında müəyyən təklif və qərarlar mütəxəssislərə təqdim olunmuşdu. Qeyd edim ki, bununla bağlı hələ bir müddət əvvəl müxtəlif ali təhsil olacaqlarına müraciətlər etmişik. Çıxışçıların əksəriyyətini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllim heyəti təşkil edəcək. Xüsusi qeyd edim ki, Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı tərəfindən indiyədək bütün dünyada mükafata layiq görülən tanınmışlar Bakıda keçiriləcək "Qala” mərasimdə təltif olunacaqlar. İnanıram ki, Azərbaycan təşkilati işlərlə bağlı lazımi məsələlərin öhdəsindən layiqincə gələcək”, - deyə Xəzər İsayev qeyd etdi.
Konqres və Assambleyanın Azərbaycanda təşkil olunmasını böyük hadisə kimi dəyərləndirən AzƏOK sədri ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açdı. Xəzər İsayev Azərbaycanda Olimpiya Hərəkatı və idman sahəsində böyük işlərin görüldüyünü, ölkəmizin Olimpiya ailəsinin nüfuzlu üzvlərindən biri olduğunu diqqətə çatdırdı. Xəzər müəllim ölkəmizdə Ədalətli Oyunlar Hərəkatının dövlət tərəfindən dəstəkləndiyini bildirdi və tədbirin ölkəmiz üçün əhəmiyyətindən söz açdı: "Belə bir mötəbər tədbirin Azərbaycana həvalə olunmasını böyük hadisə kimi qiymətləndirmək olar. Ədalət prinsipinə əməl etmək hər bir insanın daxili aləminin göstəricisi sayıla bilər. Həyatın bütün sahələrində ədalət prinsiplərinə riayət olunmalıdır. İdmanda isə ədalətlilik prinsipi daha çox özünü büruzə verir. Belə demək mümkünsə, idman elə ədalətli mübarizə deməkdir. İdmanın gözəlliyi ondadır ki, keçirilən qarşılaşmalar, oyunlar və s. zamanı idmançılar ədalətlilik prinsiplərinə riayət edirlər.
Ədalətli Oyunlar Hərəkatının əsas işi təkcə idmanda deyil, gündəlik həyatda da ədalət prinsiplərini təbliğ etmək, insanlara örnək olan nümunələri üzə çıxarmaq, eyni zamanda mövcud problemləri aşkar edərək onların həlli yollarına nail olmaqdır. Ölkəmiz Ədalətli Oyunlar Hərəkatına bu təşkilatın yarandığı ilk gündən qatılıb. Bu, çox vacib və düşünülmüş şəkildə atılan bir addım idi. İstər ölkədaxili, istərsə də beynəlxalq yarışlarda çıxış edən idmançılarımızın ədalətlilik prinsiplərinə riayət etmələrinə nəzarət edən bir qurumun yaradılması mühüm əhəmiyyətə malik idi. Qeyd edim ki, 1998-ci ildə ölkəmizin AƏOH-un üzvü olması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülüb. AzƏOK ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində, eləcə də bütün cəmiyyətdə ədalət prinsiplərini dəstəkləyən bir təşkilat kimi fəaliyyət göstərir. Yaradılmış bütün bu şərait Azərbaycan Respublikasında dövlətin və şəxsən ölkə Prezidenti möhtərəm İlham Əliyevin idmana və Olimpiya Hərəkatına olan xüsusi diqqətinin nəticəsidir.
Sevindirici haldır ki, artıq müxtəlif növlər üzrə keçirilən ölkədaxili yarışlarda belə ədalətlilik prinsiplərinə ciddi əməl edilir. Bu isə ölkəmizdə Ədalətli Oyunlar Hərəkatının təbliği istiqamətində aparılan səmərəli işlərin nəticəsidir. AzƏOK hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir.
Fərqlənənlər "Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, "Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı”, "Ədalətli oyun prinsiplərinə sadiq hakim”, "Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, "Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə mükafatlandırılırlar. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevə və ölkəmizin birinci xanımı Mehriban Əliyevaya "Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi” mükafatı təqdim olunub. AzƏOK-un qitə təşkilatı ilə əlaqələri də yüksək səviyyədə qurulub. Komissiya yaranan vaxtdan ölkəmiz AƏOH-un bütün tədbirlərində, o cümlədən qurumun konqres və baş assambleyalarında fəal iştirak edir. 2009-cu ildə AƏOH-un XV Konqress və Assambleyası paytaxtımızda yüksək səviyyədə keçirilib. Həmin il ölkəmizə səfər edən AƏOH-un 8 nəfərdən ibarət rəsmi nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev qəbul edib. Qəbul zamanı gündəlik həyatda və idman fəaliyyətində ədalətli oyun prinsiplərinə verdiyi hərtərəfli dəstəyə görə dövlətimizin başçısına AƏOH-un ali mükafatı - "Şərəf” nişanı təqdim olunub. Qeyd edək ki, bu mükafat AƏOH-un tarixində ilk dəfə məhz Azərbaycan Prezidentinə təqdim olunub. "Şərəf” nişanı Azərbaycanda ədalətli oyunlar prinsiplərinə sadiqliyin və bu sahədə görülən işlərin göstəricisi sayıla bilər”. AzƏOK prezidenti ədalət prinsiplərinin gündəlik həyatımızdakı rolundan söz açdı: "Ədalət prinsiplərinin təbliği gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyət daşıyır. Sevindirci haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə idmanın inkişafında Olimpiya dəyərlərinin qorunması və ədalət prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirir. Dövlət tərəfindən idmançılarımıza qazandıqları uğurlara görə müxtəlif adların verilməsi, onların mənzil-məişət problemlərinin həlli ədalət naminə atılan ən böyük addımlardan biri kimi dəyərləndirilməlidir. Respublikamızda inşa edilmiş ən müasir idman qurğuları dinindən, milli mənsubiyyətindən, cinsindən, yaşından və sosial durumundan asılı olmayaraq hər bir vətəndaşın, əhalinin bütün təbəqələrinin idmanla məşğul olmasına şərait yaradır, onların sağlamlığının qorunmasına imkan verir. AzƏOK olaraq biz xalqımızın ədalət çarçısı olmasını, sülhə dəstək verməsini bütün dünyaya çatdırmaq istəyirik. Bu gün bütün dünyada ədalət prinsiplərinin təbliğinə böyük ehtiyac duyulur. Bu qaydaların pozulması dünyada ən qlobal məsələlərdəndir. Biz sülhə xidmət edən bir ölkə olduğumuzu hər zaman göstərmişik. Ölkə başçısı cənab İlham Əliyev ədalət prinsiplərinə sadiqliyini dəfələrlə ən yüksək səviyyədə nümayiş etdirib. Biz bu sahədəki fəaliyyətimizi bundan sonra da uuğurla davam etdirməyi qarşımıza məqsəd qoymuşuq”.