«Neftçi İdman Klubu»nun idman xronikası

«Neftçi İdman Klubu»nun idman xronikası

MMA
"Sərhədçi” İdman Olimpiya Mərkəzində MMA idman növü üzrə beynəlxalq turnir keçirilib.
Klubumuzun turnirə qatılmış təmsilçilərindən Vüqar Kərəmov (71 kq) bütün görüşlərinin qələbə ilə başa vurararaq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 66 kq çəki dərəcəsində mübarizə aparan Etiram Dərişov isə yalnız final döyüşündə rəqibi ilə bacarmayıb və gümüş medala layiq görülüb.

Uşu
Xəzər Universiteti Dünya Məktəbinin idman zalında keçirilən kunq-fu coriyo üzrə respublika çempionatı sona çatıb. Yarışda 5 komandanın 100-ə yaxın idmançısı qüvvəsini sınayıb.
"Neftçi İdman Klubu”nun 14 nəfərdən ibarət uşu komandası da çempionatda çıxış edib və yüksək nailiyyətlər əldə edərək taolu üzrə komanda hesabında 1-ci yeri tutub. Yarış ənənəvi olaraq 4 yaş qrupunda (12-15, 15-18, 18-35, +35) keçirilib. Klubun yetirmələri müxtəlif döyüş texnikaları üzrə mübarizə apararaq 12 qızıl və 5 gümüş medala yiyələniblər. Onlardan Ruzi Vəliyev, Məlik Cəfərov, Fuad Cəfər və Zahid Vəliyev bütün döyüşləri qələbə ilə başa vuraraq çempionluq sevinci yaşayıblar. Xanım idmançılardan isə Aytən Vəliyeva, Elnarə Qarayeva, Gültəkin Allahverdiyeva, Leyla Əzizova və Gülsiyyə Novruzova eyni uğuru təkrarlayıblar.



Pouerliftinq
Pouerliftinq üzrə Azərbaycan çempionatına yekun vurulub. AAAF Parkda təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun təmsilçisi Elşən Abdurahmanov (52 kq) 250 kq nəticə göstərərək çempion olub. Digər idmançımız Pərviz Quliyev (67,5 kq) isə 112,5 kq ağırlığın öhdəsindən gələrək gümüş medala layiq görülüb.

Futbol
Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən "Sabahın ulduzları” paytaxt çempionatına start verilib. "İnter Arena”da iki yaş qrupu üzrə keçirilən çempionatda "Neftçi İdman Klubu” hər iki yaş qrupunda təmsil olunur. Birinci tur çərçivəsində "Neftçi İK” İB (2006-2007-ci illər təvəllüdlü futbolçular) "Qarabağ” komandasını 2:0 hesabı ilə məğlub edib. Digər komandamız (2005-2006) isə "Şirvan” TİM üzərində qələbə qazanıb - 3:0.
AFFA-nın təşkil etdiyi "Boulevard Hotel U-15 liqası”nda isə üçüncü turun oyunları keçirilib. Bu tur çərçivəsində "Neftçi İdman Klubu”nun liqada iştirak edən hər iki komandası qələbə qazanıb. Klubun paytaxt təmsilçisi "Neftçi İK” İB (Bakı) "Təhsil” TFM-in qonağı olub və rəqibini 6:1 hesabı ilə məğlub edib. Bölgə təmsilçimiz "Neftçi İK” İB (Siyəzən) isə "Gəncə” TİM-i qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb.


"Neftçi İdman Klubu”
İctimai Birliyinin
mətbuat xidməti