Oktyabrın 26-dan 28-dək Helsinki-1992 Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş üzrə növbəti açıq respublika turniri keçiriləcək.
Oktyabrın 3-dən turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə seçim xarakterli zona yarışlarına start verilir. Bu yarışlar, həm də 2016-cı ildə keçiriləcək yeniyetmələrin Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışların ilk mərhələsi Azərbaycan Güləş Federasiyasının nümayəndəlikləri tərəfindən keçiriləcək. Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarışlarda güləşçilər on çəki dərəcəsində (42 kq, 46 kq, 50 kq, 54 kq, 58 kq, 63 kq, 69 kq, 76 kq, 85 kq və 100 kq) mübarizə aparacaqlar.
Nümayəndəliklər üzrə seçmə yarışlar oktyabrın 3-4-də Şəkidə, oktyabrın 4-də Qobustanda təşkil ediləcək. Bakıda isə oktyabrın 3-4-də sərbəst güləş, 5-6-da yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Yarışlar, həmçinin oktyabrın 9-10-da Salyanda, 10-11-də Sumqayıt və Şəmkirdə keçiriləcək.
Seçmə mərhələdə qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq açıq respublika turnirində iştirak hüququ qazanacaqlar.