I Avropa Oyunlarının mükafatçıları dünya çempionatına hazırlaşırlar

I Avropa Oyunlarının mükafatçıları dünya çempionatına hazırlaşırlar



Oktyabrın 2-3-də Milli Gimnastika Arenasında kişilər və qadınlar arasında idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyi keçirilib. Yarışlarda Bakı-2015 Avropa Oyunlarının çempionu Oleq Stepko, Avropa Oyunlarının komanda hesabında bürünc mükafatçısı Petro Paxnyuk də çıxış edib. Oleq Stepko 1-ci, Petro Paxnyuk isə 2-ci yeri tutub.
Avropa Oyunlarının mükafatçıları yarışa bağlı təəssüratlarını "Olimpnews.az” saytı ilə bölüşdülər.

Oleq Stepko:

- Bu yarışın təşkili Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan və Qlazqo şəhərində keçiriləcək idman gimnastikası üzrə dünya çempionatından əvvəl çox mühüm əhəmiyyət daşıyır. Bu, yoxlama məşq baxımından da vacibdir. Biz 22-ci Bakı çempionatı və birinciliyində öz gücümüzü bir daha sınaqdan keçirdik, səhvlərimizə nəzər yetirdik. Cəmi iki həftədən sonra, yəni oktyabrın 25-də mötəbər yarışa start veriləcək. Öz hazırlığımdan razıyam, amma yenə də öz üzərimdə işləmək lazım gəlir. Qarşıqa qoyulan məqsədə çatmaq üçün daha səy və məsuluyyətlə çalışmaq lazımdır. Çalışacağam ki, federasiya rəhbərliyinin etimadını doğruldum və Qlazqoda təşkil ediləcək dünya çempionatında I Avropa Oyunlarında olduğu kimi yaxşı nəticə göstərim.



Petro Paxnyuk:

-Belə yarışların təşkili gimnastlarımızın dünya və Avropa çempionatlarında iştirakına, özünü sınamalarına əlverişi zəmin yaradır. Azərbaycan Gimnastika Federasiyası idmançılar və məşqçilər üçün hər bir şərait yaratmışdır. Hər şey yüksək səbiyyədədir. Bugünkü yarışda yarış müydançasında monitorun quraşdırılması və tabloda idmançının öz nəticəni görməsi çox yaxşı haldır. Bakı birinciliyində 2-ci yeri tutdum. Pis nəticə deyil, amma çalışacağam ki, daha yaxşı çıxış edim. Həlqələrdə çıxışım məni qane etmədi. Zədəm mənə tam gücüm ilə mübarizə aparmağa imkan vermirdi.
Oktyabrın sonlarında dünya çempionatına yollanacağıq. Bu yarışda başlıca məqsədim Rio-2016 Olimpadasına lisenziya qazanmaqdır. Düşünürəm ki, məqsədimə nail olacağam.


Səadət